Coğrafiya fakültəsinin müəllim və tələbələri beynəlxalq layihədə iştirak ediblər
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin bir qrup müəllim və tələbə heyəti "CRIPTIC" - Xəzər dənizinə axan transsərhəd çayların plastik tullantılardan təmizlənməsi (Cleaning Riverine Plastic from a Transboundary Inflow to the Caspian) Norveç-Azərbaycan birgə elmi-tədqiqat layihəsində iştirak ediblər.
Xarici və yerli qurumların qarşılıqlı əməkdaşlığı ilə baş tutan layihə çərçivəsində BDU-nun Coğrafiya fakültəsinin heyəti Neftçala və Salyan rayonlarında olub. Onlar, Azərbaycan Respublikasından keçən əsas transsərhəd çay olan Kür çayının mənsəbində ekoloji monitorinqə qoşularaq, ətraf mühitin plastik tullantılardan təmizlənməsində iştirak ediblər.
Layihə iştirakçıları həmçinin plastik tullantıların coğrafi koordinatlarının müəyyən olunaraq vahid verilənlər bazasına inteqrasiyası və məsafədən müşahidə məlumatları ilə uyğunlaşdırılması üzrə qrup şəkilində fəaliyyət göstəriblər. Onlar, toplanan tullantıların bir sıra keyfiyyət və kəmiyyət göstəriciləri üzrə təsnifatını həyata keçirərək, plastik tullantıların təkrar emalı üçün aidiyyati qurumlara göndəriblər.