Coğrafiya fakültəsinin müəllim-tələbə heyəti Ağdamda təşkil olunan elmi-praktik konfransda çıxış ediblər
Dekabrın 13-14-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdam şəhərində “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda I elmi-praktiki konfrans keçirilib. Qarabağ və Şərqi Zəngəzur bölgəsində turizm potensialı və mövcud resurslardan səmərəli istifadə üsullarının, eləcə də sektorun sürətli inkişafı üçün təkliflərin müzakirə olunması məqsədilə təşkil olunan konfransda Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və Turizm kafedrasının baş müəllimi, c.e.n Vüqar Dəgahov, fakültənin tələbələri İmran Bayramov, Vüsal Soltanov, Fəridə Mürşüdova, Sona Şərifova, Rəşad Əlibalayev, həmçinin dövlət orqanlarının nümayəndələri, investorlar, turizm sənayesinin təmsilçiləri və digər universitetlərin turizm ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.
Tədbirdən öncə Ağdamdakı Memorial Xatirə Kompleksi ziyarət edilib, şəhidlərin ruhuna ehtiram əlaməti olaraq kompleksin önünə gül dəstələri düzülüb.
Konfransın “İşğaldan azad edilmiş ərazilərə turizmin inkişafına elmi baxış” adlı sessiyasında Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və Xəzər Universitetindən olan turizm ixtisası üzrə təhsil alan tələbə qrupları mövzu ilə bağlı layihələrini təqdim etdilər.
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin tələbələrinin hazırladıqları "Davamlı turizmin inkişafında eko-mədəni və etno-mədəni irsin turizm məhsuluna çevrilməsi imkanları (Azıx-Tuğ-Tağlar yaşayış məntəqələri və ətraf ərazilər timsalında)" mövzusunda elmi layihə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.