Coğrafiya fakültəsinin kollektivi Fəxri Xiyabanı ziyarət edib
Xalqımız tarixə qızıl həriflərlə yazılmış 8 Noyabr- Zəfər gününü böyük ruh yüksəkliyi ilə qeyd edir. “Zəfər” günü şəhidlərimizin canları, qanları hesabına ərsəyə gəlmişdir. O cümlədən, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin məzunlarından da Birinci Qarabağ, eləcə də İkinci Qarabağ – Vətən Müharibəsində Rzayev Qiyas, Hacıyev Murad, Cavadov Namiq, Əbilov Nurlan şəhidlik zirvəsinə yüksəlmişlər. Coğrafiya fakültəsinin müəllim - tələbə heyəti mütamadi olaraq şəhidlərin məzarlarını ziyarət edir, ailələri ilə əlaqə saxlayırlar.
7 Noyabr günü Coğrafiya fakültəsinin tələbə-müəllim heyəti İkinci Fəxri Xiyabanda dəfn olunmuş leytenant Cavadov Namiq Rəhbər oğlunun məzarını ziyarət etdilər. 7 Noyabr həm də Namiqin anadan olduğu gündür. O, həm Birinci Qarabağ, həm də İkinci Qarabağ Müharibəsində könüllü iştirak edib və Füzuli döyüşləri zamanı “Şəhidlik” zirvəsinə ucalıb, əbədiyyata qovuşub. Hər il Noyabrın 7-si Namiqin ailəsi Fəxri Xiyabana gəldiyi zaman Coğrafiya fakültəsinin kollektivi də onların yanında olur.
Bu ilki göruş zamanı Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamaov Namiqin keçdiyi qəhrəmanlıq yolu haqqında anım tədbiri iştirakçılarına, o cümlədən, tələbələrə məlumat verdi, anası Svetlana xanıma belə igid, vətənpərvər oğul böyütdüyünə görə minnətdarlığını bildirdi. Namiqin universitetdə oxuduğu dövrdə müəllimi olmuş dosent Şəkər xanım Məmmədova Namiqin tələbəlik illərindən danışdı. Sonra tələbələr çıxış edərək bildirdilər ki, Namiq kimi oğullarımız biz tələbələrin vətənpərvər olmağımıza nümunədir.
Coğrafiya fakültəsinin müəllim-tələbə heyəti adından anası Svetlana xanıma və Namiqin həyat yoldaşı Gültəkin xanıma baş sağlığı verildi.
ALLAH Namiqə və bütün şəhidlərimizə rəhmət eləsin.