Coğrafiya fakültəsinin əməkdaşları geoparkların yaradılması ilə bağlı beynəlxalq tədbirdə iştirak ediblər
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin professor-müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Qafqazda ətraf mühit sahəsində qeyri-hökumət təşkilatları şəbəkəsinin (CENN) Şabran rayonunda təşkil etdiyi "Qafqaz geoparkları şəbəkəsi: Azərbaycanda geoparkların yaradılması imkanları" proqramının ikinci koordinasiya tədbirində iştirak ediblər.
Tədbirə CENN-in nümayəndəsi Vaxtanq Koçaradze və layihənin Azərbaycan üzrə əlaqələndiricisi, Xəzər Universitetinin Ekoloji Tədqiqatlar Mərkəzinin rəhbəri Rövşən Abbasov, eləcə də çoxsaylı beynəlxalq və yerli ekspertlər iştirak ediblər. BDU-nun Coğrafiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası kafedrasının baş müəllimi, c.e.n Vüqar Dərgahov, tyutor İsmayıl Rəhimli, doktorant Tamerlan Mehdiyev və magistrant İmran Bayramov koordinasiya iclasının müzakirələrinə qatılıblar.
Müzakirə zamanı geoparkların təşkilinin turizm baxımından effektivliyi və səmərəli idarəetmə metodları barədə çıxış edən Vüqar Dərgahov Cənubi Qafqazda və bilavasitə Azərbaycan Respublikasında geoparkların yaradılmasının sosial-iqtisadi təsirləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. O bildirib ki, geoparkların təşkili geoloji-geomorfoloji irsin mühafizəsi ilə yanaşı, yerli icmaların dayanıqlı inkişafı və turizm sahəsində məşğulluğun artırılması üzrə mühüm rol oynayır. V. Dərgahov Azərbaycan Respublikasında geoparkların təşkilində müvafiq potensiala malik ərazilərin turizm perspektivindən qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, geoparkların vahid destinasiya kimi inkişafı, brendinqi və beynəlxalq səviyyədə tanıdılması ölkəmizin geoloji irsinin təbliğində və turizm sektorunun inkişafına yeni mərhələ olacaqdır.
Tədbir dövlət, özəl, sənaye və təhsil sahələrindən olan mütəxəssislərin müzakirələri ilə davam edib, sonda geoparkların təşkili ilə bağlı işçi qrupun yaradılması ilə bağlı qərar qəbul olunub. Komissiyanın qərarı ilə V. S. Dərgahov işçi qrupun tərkibinə daxil edilib.
Tədbirdə geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitututunun baş direktoru v.i.e. Zaur İmrani, Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Babazadə və s. tədqiqatçılar iştirak ediblər.