Coğrafiya fakültəsinin Elmi seminarında “Qafqaz Səddi konsepsiyasının geosiyasi istiqaməti və əhəmiyyəti” mövzusunda Ustad dərsi keçirilib
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Qafqaz Səddi konsepsiyasının geosiyasi istiqaməti və əhəmiyyəti” mövzusunda Ustad dərsi keçirilib.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov seminar iştirakçılarını salamlayaraq, elmi seminarda Ustad dərsinin mövzusunu iştirakçıların diqqətinə çatdırdı və seminarın işinə uğurlar arzuladı. Məqsəd Qocamanov müasir dövrdə Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlar, Azərbaycan Respublikasının Cənubi Qafqazın aparıcı ölkəsinə çevrilməsinin formalaşdırdığı iqtisadi-siyasi çağırışlar və onların qlobal əhəmiyyətinin tədqiq edilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov siyasi coğrafiya və geosiyasət istiqamətində çoxsaylı elmi tədqiqatların müəllifidir, o cümlədən “Qafqaz Səddi” konsepsiyasının geosiyasi istiqamətləri və əhəmiyyəti” mövzusunda tədqiqatlar aparır.
Sonra professor Aydın İbrahimov çıxış edərək müasir dövrdə geosiyasi tədqiqatlara konseptual yanaşmaının və “Qafqaz Səddi” konsepsiyasının tarixi-coğrafi, regional və qlobal əhəmiyyətindən söz açdı. Qeyd olundu ki, “Qafqaz Səddi” anlayışı təkcə tarixi-coğrafi baxımdan deyil, həm də iqtisadi-siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. O, Qafqaz regionunun qlobal inteqrasiya proseslərində rolu və əhəmiyyətini seminar iştirakçılarının nəzərinə çatdırdı.
Professor Çingiz İsmayılov, dosentlər Ramiz Əhlimanov, İradə Əliyeva və başqaları məruzə olunan mövzunun aktual olduğunu qeyd etdilər və mövzu ətrafında müzakirələr aparıldı, mövzu ətrafında suallar cavablandırıldı. Çıxışçılar mövzunun aktuallığına diqqət çəkərək bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsinin vacibliyini göstərdilər.