Coğrafiya fakültəsinin doktorantları NASCO XXVIII konfransında çıxış ediblər

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin doktorantları “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransında (NASCO XXVIII) məruzə ilə çıxış ediblər.
Fakültənin doktorantları Sayalı Cəlilova “Beynəlxalq turizm bazarında kreativ turizmin inkişaf trendləri və təsir amilləri”, Vüsalə Əkbərli “Abşeron-Xızı iqtisadi rayonunun nəqliyyat strukturunun inkişaf xüsusiyyətləri”, İmran Bayramov “Şərqi Zəngəzur iqtisadi rayonunda demoqrafik trendlər və məskunlaşma qanunauyğunluqlarının coğrafi qiymətləndirilməsi”, Aygül Mikayılova “Mərkəzi Aran iqtisadi rayonunda şəhər əhalisinin sosial-demoqrafik inkişafında miqrasiya və işsizlik amillərinin təsiri”, Tamerlan Mehdiyev “Azərbaycanda iqlim dəyişmələri kontekstində kontinentallıq və aridlik dəyişikliklərinin tədqiqi”, Nəzrin Qasımova “Daşqın risklərinin qiymətləndirilməsi və proqnozlaşdırılmasında Coğrafi İnformasiya Sistemlərinin tətbiqi”, Nərgiz Məcidova “Qazax-Tovuz iqtisadi rayonunda kənd təsərrüfatının inkişafı və məşğulluğun səmərəliliyinin artırılması istiqamətləri”, Nurlan Əzizli “Böyük Qafqazın cənub-şərq yamaclarının CİS əsasında morfometrik təhlili” və Nərmin Həsənli “Öyrənmə modellərinin tətbiqində müəllimin rolu” adlı məruzələrlə təqdimatlar edərək apardıqları tədqiqatların mühüm nəticələrini konfrans iştirakçılarının diqqətinə çatdırıblar.
Doktorantların məruzələri maraqla dinlənilib, onlara mövzular ətrafında suallar ünvanlanıb. Məruzəçi-doktorantlar müvafiq sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, 16-17 dekabr tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransında BDU-nun Coğrafiya fakültəsindən 9 doktorantı məruzə ilə çıxış edib.