Coğrafiya fakültəsində “Zəfərin səsi” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya və Biologiya fakültələrinin Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5 illiyinə həsr olunmuş “Zəfərin səsi” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Zəfər Gününün Azərbaycan xalqının tarixində əbədi qürur və iftixar rəmzi olduğunu bildirib. O, 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm qələbənin 5-ci ildönümünün böyük fəxarət və milli birlik hissi ilə qeyd olunduğunu vurğulayıb.
Sonra tədbirdə Vətən müharibəsi iştirakçıları – Coğrafiya fakültəsinin məzunları Ömər Bozbaxov, Aşurov Cavid və Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru İlkin Ağazadə çıxış ediblər. Onlar döyüş xatirələrini bölüşərək gənclərə vətənpərvərlik və dövlətə sədaqət mesajları veriblər.
Tədbirin bədii hissəsində tələbələr vətənpərvərlik mövzusunda rəqs, musiqi və şeir nömrələri ilə çıxış ediblər. Səhnə nümayişləri zəfər ruhunu, Azərbaycan əsgərinin qəhrəmanlığını və xalqımızın azadlıq iradəsini ifadə edib.