Coğrafiya fakültəsində “Pitching” və təqdimat bacarıqları” mövzusunda ustad dərsi keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Pitching” və təqdimat bacarıqları” mövzusunda ustad dərsi keçirilib. Seminarı açıq elan edən Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov çıxış edərək müasir dövrdə işgüzar dünyada təqdimat və “pitching” bacarıqlarının əhəmiyyətini və bu bacarıqların biznes mühitində, xüsusilə investisiya və innovasiya sahələrində kritik rol oynadığını vurğulayıb və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində “Enterprise Azerbaijan” portalının rəhbəri, dosent İsa Qasımovun startap və layihələrin idarə olunması istiqamətində çoxsaylı elmi tədqiqatların müəllifi olduğunu və eyni zamanda təqdimat bacarıqlarının inkişafı ilə bağlı araşdırmalar apardığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Məruzəçi dosent İsa Qasımov müasir dövrdə iş dünyasında təqdimat bacarıqlarının inkişafı üçün konseptual yanaşmalar, o cümlədən “pitching” texnikalarının effektivliyi barədə geniş məlumat verib. Qeyd olunub ki, təqdimat bacarıqları yalnız şifahi ifadə bacarığını deyil, həm də vizual, məntiqi və psixoloji aspektləri özündə birləşdirir. Məruzəçi təqdimat bacarıqlarının biznesdə uğurun qazanılmasında əhəmiyyətli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, təqdimatçının auditoriyaya yanaşması, təqdimatın emosional tonunun tənzimlənməsi, stress və həyəcanın idarə edilməlisi, həmçinin, auditoriya ilə qarşılıqlı əlaqə qurmağın yollarını izah edib. İsa Qasımov, effektiv təqdimatlar hazırlamaq və təqdim etmək üçün istifadə edilən metodlar, alətlər və texnologiyalardan bəhs edərək iştirakçıların təqdimat bacarıqlarını daha da təkmilləşdirməyə təşviq etdi.
Tədbirdə professor Məqsəd Qocamanov, dosentlər Şəkər Məmmədova, Asəf Cərullayev və başqaları məruzə ətrafında sual-cavablarla yanaşı, tədqiqat mövzusunun aktual, metodiki yanaşmanın isə innovativ olduğunu vurğulayıblar, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyyə ediblər.