Coğrafiya fakültəsində “Məktəb coğrafiyasında yeni konsepsiya və onun coğrafiya müəllimi hazırlığında tətbiq edilməsi” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Məktəb coğrafiyasında yeni konsepsiya və onun coğrafiya müəllimi hazırlığında tətbiq edilməsi” mövzusunda elmi seminar keçirilib.
Fakültə Elmi Seminarının sədri, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev seminar iştirakçılarını salamlayaraq, elmi seminarın mövzusunu iştirakçıların diqqətinə çatdırdı və seminarın işinə uğurlar arzuladı. Saleh Nağıyev orta ümumtəhsil məktəblərində Coğrafiya fənninin tədrisində qabaqcıl pedaqoji yanaşmaların və innovativ tədris metodlarının tətbiqinin vacibliyini vurğuladı. Bildirdi ki, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti Nərminə Seyfullayeva coğrafiyanın tədrisi metodikası və pedaqoji təlim texnologiyaları istiqamətində çoxsaylı elmi tədqiqatların müəllifidir və eyni zamanda məktəb coğrafiyasının tədrisində yeni konsepsiyaların hazırlanması ilə bağlı tədqiqatlar aparır.
Sonra dosent Nərminə Seyfullayeva çıxış edərək müasir dövrdə məktəb cografiyasının təlim nəticələri əsasında kurikulumunun hazırlanması və tətbiq edilməsinin vacibliyini vurğuladı. Qeyd olundu ki, yeni yanaşmada vahid coğrafiyanın məzmununa uyğunluq, kollektiv təlim, fəaliyyətə yönəlmiş tədrisin olması mühüm elmi və tətbiqi əhəmiyyət daşıyır. O, məktəb coğrafiyasının tədrisində yeni konsepsiyanın ali təhsil müəssisələrində pedaqoji istiqamətdə kadr hazırlığına təsirləri barədə fikirlərini səsləndirdi.
Professor Ç.N. İsmayılov, c.e.d, dosent Ş.İ. Məmmədova, dosentlər İ.S. Əliyeva, Ş.Y. Hümbətova, S.Ə. Allahverdiyeva, fəlsəfə doktorları X.H. Qədimova, L.H. Həsənəliyeva, Q.M. Səmədov, N.S. İsmayılova və başqaları məruzə olunan mövzunun aktual olduğunu qeyd etdilər. Seminarın sonunda mövzu ətrafında müzakirələr aparıldı və suallar cavablandırıldı. Çıxışçılar mövzunun aktuallığına diqqət çəkərək bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsinin vacibliyini göstərdilər.