Coğrafiya fakültəsində Həkəri çayının modelləşdirilməsinə həsr olunmuş elmi seminar keçirilib
16 Oktyabr 2025 17:00
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “MATLAB proqramından istifadə etməklə Həkəri çayının modelləşdirilməsi” mövzusunda elmi seminar keçirilib.
Seminarı açıq elan edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov fakültədə elmi seminarların mütəmadi olaraq keçirilməsinin ənənəvi hal aldığını qeyd edib və bu məqsədlə kafedralarda elmi tədqiqat işlərinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Sonra fakültə Elmi Seminarının sədri, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev seminar iştirakçılarını seminarın mövzusu ilə tanış edib və seminarın işinə uğurlar arzulayıb. O, işğaldan azad olunmuş ərazilərin zəngin su ehtiyatlarına malik olduğunu nəzərə alaraq, onların müasir tədqiqat üsulları ilə modelləşdirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, dosent Bənövşə Mehdiyeva riyazi modelləşdirmə sahəsində çoxsaylı elmi tədqiqatların müəllifidir və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunda (SMETİ) MATLAB proqramında çayların və sel hadisələrinin modelləşdirilməsi ilə bağlı tədqiqatlar aparır.
Məruzəçi Bənövşə Mehdiyeva çıxış edərək işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarından səmərəli istifadə olunması üçün çaylarda hidroloji rejimin tədqiqinin vacibliyini qeyd edib. Təqdim edilən tədqiqat işinin Həkəri çayının və onun qollarının riyazi modelləşdirilməsinin bəzi aspektlərini əhatə etdiyini, riyazi modelin qurulması üçün MATLAB proqramlaşdırma sistemindən istifadə edildiyini, həmçinin, Həkəri çayının orta illik axımı, su ehtiyatlarının idarə edilməsi, çayda baş verən sel hadisələri və perspektivdə istifadə imkanları barədə fikirlər səsləndirib.
Dosentlər Saleh Nağıyev, İradə Əliyeva, Şəkər Məmmədova, c.ü.f.d Ləman Həsənəliyeva, baş müəllim Mübariz Orucov və başqaları çıxış edərək məruzə olunan mövzunun aktual olduğunu qeyd ediblər. Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Son XƏBƏRLƏR
15.10.2025 | 12:35
BDU və Türkiyənin Akdeniz Universitetinin əməkdaşları arasında onlayn görüş
10.10.2025 | 17:00
Coğrafiya fakültəsində “Məktəb coğrafiyasında yeni konsepsiya və onun coğrafiya müəllimi hazırlığında tətbiq edilməsi” mövzusunda elmi seminar keçirilib
06.10.2025 | 11:43