Coğrafiya fakültəsində "Dünya ölkələri" intellektual yarışına start verilib
Bakı Dövlət Universiteti (BDU) Coğrafiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Coğrafiya fakültəsində "Dünya ölkələri" intellektual yarışının 1-ci mərhələsi keçirilib.
İntellektual yarış 11 komandanın iştirakı ilə 5 raund üzrə keçirilib. Yarışın əvvəlində açılış nitqi ilə çıxış edən Coğrafiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov tələbələrin intellektual yarışlarda iştirakının vacibliyinə diqqət çəkərək, bu tipli yarışların mütəmadi təşkil olunmasının önəmini vurğulayıb. O, yarışın təşkilinə görə fakültə THİK heyətinə təşəkkürünü bildirərək hər bir komandaya uğurlar diləyib.
Daha sonra Coğrafiya fakültəsi THİK sədri Sadıq Novruzov iştirakçılara yarışın qaydaları barədə məlumat verib. Yarışın gedişatında suallar, Sadıq Novruzov, Ayla Həsənzadə, Gülər Sarızadə, Yusif Cəbiyev və Rahib Nəsirov tərəfindən səsləndirilib. Şəffaflığın təmin olunması məqsədi ilə yaradılmış Yusif Cəbiyev və Rahib Nəsirovun rəhbərliyi ilə münsiflər heyəti və nəzarət qrupu yarışın gedişatına və balların hesablanmasına nəzarət edib.
Gərgin intellektual mübarizənin sonunda "Cazadores" komandası 1-ci, "40-cı paralel" komandası 2-ci və "Diamonds" komandası 3-cü yeri qazanıb. Qalib komandanın üzvləri Fəxri fərmanlarla təltif olunub.