Coğrafiya fakültəsində “Azərbaycanda sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib
2 Mart 2026 15:30

Coğrafiya fakültəsində “Azərbaycanda sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetində Coğrafiya fakültəsinin Elmi Seminarının 2026-cı il üzrə birinci iclası keçirilib. İclasda İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Nuranə Əliyevanın “Azərbaycanda sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib. Seminarı açıq elan edən fakültə Elmi Seminarının sədri, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev kiçik və orta sahibkarlığın inkişafına yönəldilmiş dövlət investisiyalarının əhəmiyyətini vurğulayıb və fakültə Elmi Seminarının ilk iclasının 27 mart – Azərbaycanda Elm Günü çərçivəsində təşkil olunan silsilə tədbirlərə təsadüf etdiyini seminar iştirakçılarının nəzərinə çatdırıb.
Məruzəçi Nuranə Əliyeva müasir dövrdə dövlət investisiyalarının sahibkarlığın inkişafına təsiri barədə geniş məlumat verib. Tədqiqat çərçivəsində müxtəlif sahibkarlıq subyektlərinə dövlət investisiyalarının qoyuluşunun onların inkişafına müsbət təsir göstərməsi və bunun elmi üsullarla müəyyən edilməsi məqsədi ilə reqressiya, korrelyasiya və digər kəmiyyət metodlarından istifadə olunduğu qeyd olunub. Kiçik və orta sahibkarlığın inkişafının regional xüsusiyyətlərinin təhlil olunduğu, eləcə də investisiyaların səmərəliliyinə təsir edən daxili və xarici amillərin qiymətləndirildiyi diqqətə çatdırılıb, sahibkarlıq mühitində dövlətin investisiya yönümlü fəaliyyətinin əhəmiyyəti, bu investisiyaların iqtisadi artıma təsiri və onların səmərəliliyinin qiymətləndirilməsi metodlarını izah edilib.
Seminarda professorlar Məqsəd Qocamanov, Çingiz İsmayılov, Aydın İbrahimov coğrafiya elmləri doktoru Şəkər Məmmədova və başqaları məruzə ətrafında sual-cavablarla yanaşı, tədqiqat mövzusunun aktual, metodik yanaşmanın isə innovativ olduğunu vurğulayıblar, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyyə ediblər.