Coğrafiya fakültəsi tələbələrinin elmi məqaləsi beynəlxalq elmi-praktik konfransında təqdim olunub
Bakı Dövlət Universiteti (BDU) Coğrafiya fakültəsinin III kurs tələbəsi, fakültə Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri İmran Bayramov və II kurs tələbəsi İlkanə Qasımovanın Fiziki coğrafiya kafedrasının baş müəllimi İrkən Aktoprakın elmi rəhbərliyi ilə birgə hazırladıqları elmi məqalə "Инновационный потенциал развития науки в современном мире: достижения и инновации" ("Müasir dünyada elmin inkişafının innovasiya potensialı: nailiyyətlər və innovasiyalar") Beynəlxalq elmi-praktik konfransında təqdim olunub.
Müəlliflərin "Колебания уровня вод Каспийского моря и их влияние на экономику прибрежных регионов Азербайджанской Республики" ("Xəzər dənizinin səviyyə tərəddüdlərinin Azərbaycan Respublikasının sahilyanı bölgələrinin iqtisadiyyatına təsiri") adlı məqaləsində Xəzər dənizinin ümumi geoloji-coğrafi səciyyəsi, səviyyə tərəddüdlərinin müxtəlifliyi və dövretməsi, onların suyun səviyyəsi, sahəsi və həcminə təsiri kimi məsələlərə toxunulub. Əlavə olaraq, müəlliflər müasir səviyyə tərəddüdləri, onların iqtisadiyyatın müxtəlif sahələrinə təsirini (xüsusi ilə gəmiçilik və balıqçılıq) tədqiq edərək, su səviyyəsinin tərəddüdlərinə uyğun olaraq bu sahələrdə baş vermiş dəyişikliklərə diqqət çəkiblər. Müasir səviyyə tərəddüdləri fonunda dənizin biomüxtəlifliyinin qorunması məqsədi ilə mövcud qanunvericiliklə balıq ovunun tənzimlənməsi məsələləri təhlil olunaraq müvafiq təkliflər irəli sürülüb. Həmçinin, yeni yaradılan Ələt Azad İqtisadi Zonasının respublikamızda gəmiçiliyin inkişafına verəcəyi üstünlüklər təhlil edilərək, bərə terminalının səviyyə tərəddülərinə dayanıqlılığı qiymətləndirilib.
Qeyd edək ki, məqalə konfransın "Coğrafiya elmləri" bölməsində təqdim olunub və yüksək unikallıq göstəricisi ilə fərqlənir.