Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr çərçivəsində su infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında ustad dərsi
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin təşkilatçılığı ilə Hidroloq MMC -nin direktoru Əhməd Məmmədovun Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr çərçivəsində su infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında ustad dərsi keçirilib.
Ustad dərsində iştirak edənlərə su ehtiyatlarının qorunması, xüsusilə ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülməsi barədə ətraflı məlumat verilib. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və suvarma infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilmişdir. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış və müasirləşdirilmişdir.
Görüşdə vurğulandı ki, doğma Qarabağımızı 30 illik əsarətdən xilas edən Vətən müharibəsinin başa çatmasının ilk günlərindən işğaldan azad edilmiş ərazilərdə əsas kommunikasiyaların bərpası, zəruri infrastrukturun yaradılması tədbirləri həyata keçirilir. Son aylarda aparılan genişmiqyaslı və sürərtli yenidən qurma işləri hazırda uğurla davam etdirilir. Tezliklə bu torpaqlar əvvəlkindən də gözəlləşəcək, yenidən cənnətə çevriləcək. İşğaldan zad edilmiş ərazilərdə hazırlıq işləri əsaslıdır, iri tikinti layihələrinin əhatə dairəsi kifayət qədər genişdir. Meliorasiya və tikinti işləri ən müasir texnologiyalar əsasında aparılır.
İşğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası çoxsahəli prosesdir və onun mühüm tərkib hissələrindən biri içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin yaradılması, meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafıdır.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında 2022-2026-cı illərdə “Həkəriçay su anbarının tikintisi”nin texniki-iqtisadi əsaslandırması, layihə sənədlərinin hazırlanması və tikintisi nəzərdə tutulmuşdur.
Tədbirin sonunda mövzu ilə bağlı geniş müzakirələr aparıldı, tələbələrin sualları cavablandırılıb.