Birinci kursuna qəbul olunmuş tələbələrlə görüş
Bakı Dövlət Universitetində Coğrafiya fakültəsinin birinci kursuna qəbul olunmuş tələbələr ilə görüş keçirilib. Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov görüşü açıq elan edərək birinci kurs tələbələrini Bakı Dövlət Universitetinin tələbəsi olması münasibəti ilə təbrik edib və yeni dərs ilində uğurlar arzu edib. Dekan öz çıxışında Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin strukturu, tarixi inkişaf yolu, ictimai-siyasi həyatı haqqında məlumat verib. Qeyd olunub ki, ölkəmizdə təhsilə, elmə diqqət və qayğı hər il artır. Bakı Dövlət Universitetində təhsilə, elmə həmişə həssas yanaçılır, tələbələrin bilik və bacarıqlara daha da mükəmməl yiyələnməsi üçün auditoriyaları, oxu zallarını müasir tələblərə cavab verəcək səviyyəyə qaldırır. Hər bir tələbənin bilik və bacarıqlarının artırılması üçün Bakı Dövlət Universitetində bütün imkanlar var. Professor M. Qocamanov eyni zamanda Coğrafiya fakültəsinin ixtisasları haqqında tələbələri geniş məlumatlandırıb və fakültədə hazırlığı aparılan ixtisasların perspektiv inkişaf istiqamətləri haqqında danışıb.
Görüşdə iştirak edən Coğrafiya fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Ramiz Əhlimanov Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov, Azərbaycan coğrafiyası və Coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev, Hidrometerologiya kafedrasının müdiri dosent, İmran Abdullayev və digərləri tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzu ediblər.
Coğrafiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov tələbələrin dərsdənkənar fəaliyyətindən danışıb. Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və digər klub və mərkəzlərin sədrləri tələbələrin dərsdən kənar fəaliyyətinin daha faydalı, səmərəli keçməsi üçün görüləcək tədbirlərdən danışıblar. Bu fəaliyyət sahələrinin həm tələbələrin dünyagörüşünün artırılmasında, həm də universitetin ictimai həyatında aktiv olmasında zəruri rol oynadığı qeyd olunub.
Sonda tələbələrin sualları cavablandırılıb.