BDU və İstanbul Universitetinin alimləri coğrafiya üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi və Türkiyənin İstanbul Universitetinin Coğrafiya bölməsinin əməkdaşları arasında onlayn görüş keçirilib. Görüşdə iki fakültə arasında elmi əməkdaşlıq, birgə layihələr, konfransların keçirilməsi və professor-müəllim heyətinin akademik mübadiləsi imkanları müzakirə olunub.
Görüşdə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, dekan müavinləri Eltac Cəbiyev, Qoşqar Məmmədov, professor Aydın İbrahimov və müəllim Anar Nuriyev, İstanbul Universitetindən Coğrafiya bölməsinin rəhbəri Barbaros Gönençgil, professor Cihan Bayraktar, dosent Kaan Kapan və dosent Mustafa Kahraman iştirak ediblər.
Tərəflər coğrafiya elminin müxtəlif istiqamətləri üzrə elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və təcrübə proqramlarının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.