BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının 50 illiyinə həsr olunmuş “Hidrometeorologiyanın müasir nailiyyətləri və inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın açılış mərasimindən əvvəl Dövlət himni səsləndirilib, Ulu Öndər və Azərbaycanın ərazi bötüvlüyünün qorunması uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov konfransı açıq elan edərək müasir dövrdə təsərrüfatın müxtəlif sahələrində hidrometeoroloji müşahidə nəticələrinin mühüm rol oynamasını və mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. O, çıxışında qeyd edib ki, hal hazırda iqlim dəyişmələrinə adaptasiya və davamlı inkişaf metodlarının işlənib hazırlanması, hidrometeoroloji tədqiqatların informasiya təminatı, hidrometeorologiyanın fundamental və tətbiqi problemləri, Xəzər dənizinin səviyyəsi və çirklənməsi məsələləri, eləcə də su ehtiyatlarının inteqrasiyalı idarə olunması hidrometeorologiya qarşısında duran mühüm vəzifələrdəndir. Son onilliklər ərzində hidrometeorologiya elmi xeyli inkişaf etmişdir. Bu yeniliklərin istehsalatda tətbiqi, müvafiq ixtisas üzrə kadr hazırlığı işində yeni yanaşmalar tələb edir. Konfransda bu kimi problemlərin yerli və xarici ölkə mütəxəssisləri ilə birgə müzakirəsi və elmi-təcrübi istiqamətlərinin müəyyən edilməsi nəzərdə tutulur. Konfransa 80-ə yaxın tezisin təqdim edildiyini, 3 məruzənin plenar iclasda, qalan işlərin isə bölmələrdə dinləniləcəyini konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Sonra Hidrometeorologiya kafedrasının dünyasını dəyişmiş sonuncu müdiri İmran Abdullayevə həsr olunmuş videoçarx izlənilib və xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Pleanar iclasda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin müdiri, professor Rza Mahmudov və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Aviasiya Meteoroloji Mərkəzinin rəisi, professor Nazim Hüseynovun məruzələri dinlənilib.
Konfrans öz işini İqlim dəyişmələrinə adaptasiya və davamlı inkişaf, Geoinformasiya texnologiyalarının hidrometeorologiyada tətbiqi, Hidrometeorologiyanın fundamental və tətbiqi problemləri, Su ehtiyatlarının inteqrasiyalı idarə olunması bölmələrində davam etdirib. Konfransın sonunda kollektiv xatirə şəkili çəkdirilib və konfransın qətnaməsi qəbul edilib.