BDU-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Urbanizasiya ilə bağlı elmi seminar keçirilib
15 Aprel 2026 16:24

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində urbanizasiya məsələlərinə həsr edilmiş növbəti elmi seminar keçirilib. Seminarda Elm və Təhsil Nazirliyinin “Coğrafiya İnstitutu” Publik Hüququ Şəxsin “Əhali coğrafiyası” laboratoriyasının elmi işçisi, c.ü.f.d. Bəyimxanım Hüseynova “XXI əsrdə urbanizasiya: trendlər, problemlər və imkanlar” mövzusunda məruzə ilə çıxış edib.
Seminarın sədri, dosent Saleh Nağıyev XXI əsrdə urbanizasiya proseslərinin çoxşaxəli inkişafına diqqət çəkərək, bu istiqamətdə aparılan tədqiqatların həm ölkə, həm də dünya miqyasında aktual elmi çağırışlardan olduğunu vurğulayıb.
Məruzəçi Bəyimxanım Hüseynova çıxış edərək dünyanın müxtəlif regionlarında baş verən urbanizasiya proseslərinin əlamətlərinə diqqət çəkib və şəhərlərin yaranması, inkişafı və ərazi təşkili xüsusiyyətləri barədə geniş təqdimat edib. O, qeyb edib ki, ötən yüzillikdə dünya miqyasında sürətli şəhərləşmə təzahürləri müxtəlif regionlarda müşahidə olunmuş və müasir dövrdə, xüsusi ilə də, üçüncü dünya ölkələrində böyük şəhər aqlomerasiyalarının formalaşması tendensiyası davam edir. Şəhər sistemlərinin miqyas və funksiya baxımından təsnifatının aparılması böyük şəhərlər üçün qlobal sosial-iqtisadi çağırışların həlli baxımdan vacibdir. Sürətlə məskunlaşan şəhərlər üçün dayanıqlı və yaşanılabilən mühitin formalaşdırılması imkanları barədə məruzə edən B. Hüseynova müxtəlif regionarda baş verən urbanizasiya proseslərinin xüsusiyyətlərini səciyyələndirib.
Elmi seminarda professor Məqsəd Qocamanov, dosent Şəkər Məmmədova, coğrafiya üzrə fəlsəfə doktorları Şəfiqə Hümbətova, Nigar İsmayılova və başqaları tədqiqat mövzusunun aktual, metodik yanaşmanın isə innovativ olduğunu vurğulayıb, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyə ediblər.