BDU-da məzun seminarı: “Ali təhsildə təlim-tədris prosesinin təkmilləşdirilməsi”
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində "Microsoft Teams" platforması vasitəsi ilə “Ali təhsildə təlim-tədris prosesinin təkmilləşdirilməsi: problemlər və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib. Tədbirdə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində Birləşmiş Krallığın Belfast Universitetinin fəlsəfə doktoru proqramı üzrə “İnsan coğrafiyası” ixtisasının “Coğrafiya: müasir cəmiyyətin əhali dinamikası” istiqaməti üzrə təhsil alan əyani doktorantı Gülvin Yusifova distant qaydada məruzə ilə çıxış edib.
Coğrafiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov tədbir iştirakçılarını salamladı, elmi seminarın mövzusunu iştirakçıların diqqətinə çatdırdı. Q. Məmmədov müasir dövrdə ali təhsildə təlim-tərbiyə və tədris prosesinin təkmilləşdirilməsi problemlərinin tədqiqinin əhəmiyyətini vurğuladı. Bildirildi ki, Birləşmiş Krallığın Belfast Universitetinin fəlsəfə doktoru proqramı üzrə “İnsan coğrafiyası” ixtisasının “Coğrafiya: müasir cəmiyyətin əhali dinamikası” istiqaməti üzrə əyani doktorantı Gülvin Yusifova Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin məzunu olub və hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində Birləşmiş Krallıqda doktorantura təhsili alır.
Sonra məruzəçi Gülvin Yusifova Blüm taksonomiyası, onun altı struktur mərhələsi barədə geniş təqdimat etdi. Qeyd olundu ki, ənənəvi və müasir təlim-tədris prosesinin təşkilinin əsas fərqli cəhəti təhsilalanların bacarıq əsaslı öyrənməsi və təhliletmə qabiliyyətinin yüksəldilməsindədir. Məruzəçi beynəlxalq təcrübədə tədqiqat əsaslı öyrənmədə tətbiq olunan “SPSS” və “R” proqramlarının tətbiqində söz açdı. Coğrafi tədqiqatlarda və təlim-tədris prosesində coğrafi informasiya sistemlərinin (CİS) tətbiqinin potensial imkanları vurğulandı. Həmçinin, beynəlxalq təcrübədə mühazirə və praktik dərslərin təşkilində tətbiq olunan yanaşmaların tətbiqi xüsusiyyətləri müqayisəli təhlil olundu.
Professor Məqsəd Qocamanov, dosent Ülviyyə İsmayılova, fəlsəfə doktorları Xanım Qədimova, Ləman Həsənəliyeva, Qabil Səmədov və başqaları tədqiqat mövzusunun aktual, metodik yanaşmanın isə innovativ olduğunu vurğulayıb, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyə ediblər.