BDU-da Erasmus+ mübadilə proqramı çərçivəsində ilk görüş
Avropa İttifaqının (Aİ) ERASMUS+ proqramı Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin tərəfdaş kimi iştirak etdiyi “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” ("New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems") - GEOCLIC adlı layihənin (619011-EPP-1-2020-1-KZ-EPPKA2-CBHE-JP) birinci rəsmi görüşü baş tutmuşdur. 2020-2023-cü illərdə icra edilməsi nəzərdə tutulan layihə Qazaxıstanın Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin koordinatorluğu ilə baş tutacaq.
Layihədə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Almaniya, Rumıniya, Litva və Niderland Krallığının universitetləri tərəfdaş kimi iştirak edəcək.
Layihənin rəsmi görüşü zamanı Bakı Dövlər Universiteti üzrə akademik koordinator, Coğrafiya fakültəsinin müəllimi Aytən İmanova-Məhərrəmova çıxış edərək Bakı Dövlət Universitetinin perspektivləri, layihədə rolu və nəzərdə tutulan işlər barədə məruzə etmişdir.
Həmçinin görüşdə Biologiya fakültəsinin dosenti, layihənin inzibati məsələlər üzrə koordinatoru Yaşar Ömərli də iştirak etmişdir.
GEOCLIC layihəsinin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsindən ibarətdir.