BDU-da “Coğrafiya” fənni üzrə Respublika Olimpiadası keçirilmişdir
BDU-da “Coğrafiya” fənni üzrə Respublika Olimpiadası keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında “Coğrafiya” fənni üzrə Respublika Olimpiadası keçirilib.
Olimpiadanı Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov açıq elan edib. O, “Coğrafiya” fənni üzrə Respublika Olimipadasının keçirilməsini mötəbər hadisə kimi qiymətləndirib və olimpiadanın BDU ilə yanaşı, ölkəmizin digər ali təhsil müəssisələrində təhsil alan tələbələr tərəfindən də maraqla qarşılandığını vurğulayıb. Məqsəd Qocamanov gənclərə coğrafi biliklərin aşılanması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fənn olimipiadalarının əhəmiyyətini vurğalayıb.
Sonra olimpiadanın Təşkilat komitəsinin sədr müavini, Geodeziya və kartoqrafiya kafedrasının müdiri, dosent Əfqan Talıbov çıxış edərək olimpiada iştirakçılarını müsabiqənin şərtləri barədə məlumatlandırıb, təşkilat komitəsinin üzvü İmran Bayramov sual kitabçasında yer alan 30 qapalı və açıq tipli test tapşırığının ümumilikdə 100 balla qiymətləndiriləcəyini və sual kitabçasından istifadə qaydalarını izah edib. Daha sonra hər bir iştirakçıya sual kitabçası təqdim olunub.
İştirakçılar üçün ayrılmış vaxtın sonunda cavab kartları toplanaraq müstəqil münsiflər heyətinə təqdim olunub. Nəticələr münsiflər heyəti tərəfindən emal olunduqdan sonra qaliblər elan olunub. Nəticələrə əsasən I yerə bir nəfər, II yerə iki nəfər və III yerə üç nəfər layiq görülüb, 4 nəfər isə həvəsləndirici diplomlarla təltif olunub. Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.
“Coğrafiya” fənni üzrə Respublika Olimpiadasında Bakı Dövlət Universitetinin tələbələri ilə yanaşı Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak ediblər.