BDU-da “Coğrafiya” fənni üzrə Respublika Olimpiadası keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Bakı Dövlət Universitetinin yaradılmasının 105 illiyinə həsr olunmuş ali məktəb tələbələri arasında “Coğrafiya” fənni üzrə Respublika Olimpiadası keçirilib.
Olimpiadanı Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov açıq elan edib. O, BDU-nun 105 illiyi çərçivəsində coğrafiya fənni üzrə Respublika Olimipadasının keçirilməsini mötəbər hadisə kimi qiymətləndirdi və olimpiadanın BDU ilə yanaşı ölkəmizin digər ali təhsil müəssisələrində təhsil alan tələbələr tərəfindən də maraqla qarşılandığını vurğuladı. Həmçinin bildirdi ki, gənclərə coğrafi biliklərin aşılanması, xüsusi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) ölkəmizdə keçirilməsi fonunda, olduqca vacib əhəmiyyət kəsb edir.
Daha sonra olimpiadanın Təşkilat komitəsinin sədr müavini, Geodeziya və kartoqrafiya kafedrasının müdiri, dosent Əfqan Talıbov çıxış edərək olimpiada iştirakçılarını müsabiqənin şərtləri barədə məlumatlandırdı. İştirakçılara sual kitabçaları və cavab kartlarından istifadə qaydaları izah olundu və olimpiada nəticələrinin müstəqil münsiflər heyəti tərəfindən emal olunacağı bildirildi. Təşkilat komitəsinin üzvü İmran Bayramov sual kitabçasında yer alan 30 qapalı və açıq tipli test tapşırığının ümumilikdə 100 balla qiymətləndiriləcəyini bildirdi və sual kitabçasından istifadə qaydalarını izah etdi. Sonra hər bir iştirakçıya sual kitabçası və cavab kartları təqdim olundu.
İştirakçılar üçün ayrılmış 3 saat vaxtın sonunda cavab kartları toplanaraq müstəqil münsiflər heyətinə təqdim olundu. Nəticələr münsiflər heyəti tərəfindən emal olunduqdan sonra qaliblər elan olundu. Nəticələrə əsasən I yerə bir nəfər, II yerə iki nəfər və III yerə üç nəfər layiq görüldü və həmçinin 6 nəfər həvəsləndirici diplomlarla təltif olundu. Qaliblərə sertifikat və hədiyyələr təqdim olundu.
“Coğrafiya” fənni üzrə Respublika Olimpiadasında Bakı Dövlət Universitetinin tələbələri ilə yanaşı Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edirdilər.