BDU Coğrafiya fakültəsində “Elmin izi ilə – Budaq Budaqov” tədbiri keçirilmişdir

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə görkəmli alim, akademik Budaq Budaqovun xatirəsinə həsr olunmuş “Elmin izi ilə – Budaq Budaqov” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Budaq Budaqovun Azərbaycan coğrafiya elminin inkişafında mühüm rol oynadığını vurğulayıb. Dekan qeyd edib ki, Budaq Budaqov zəngin elmi fəaliyyəti və dəyərli tədqiqatları ilə ölkədə coğrafiya elminin inkişafına əhəmiyyətli töhfələr verib. Professor həmçinin alimin yaratdığı elmi irsin bu gün də aktuallığını qoruduğunu və gənc tədqiqatçılar üçün mühüm mənbə olduğunu bildirib.
Tədbirin davamında fakültənin müəllimləri çıxış edərək Budaq Budaqovun elmi fəaliyyəti və Azərbaycan coğrafiya elminə verdiyi töhfələr haqqında fikirlərini bölüşüblər. Çıxışlarda alimin yüksək insani keyfiyyətlərindən, tələbələrə və gənc alimlərə göstərdiyi diqqət və qayğıdan danışılıb.
Tədbir çərçivəsində Budaq Budaqovun həyat və fəaliyyətinə dair videoçarx nümayiş etdirilib və tələbələr üçün alimin həyatı və elmi fəaliyyəti ilə bağlı kiçik bilik yarışı təşkil olunub.
Tədbirin əsas məqsədi görkəmli alimin xatirəsini yad etmək, onun zəngin elmi irsini gənc nəslə tanıtmaq və tələbələr arasında elmə marağı artırmaq olub.