“Balakən inzibati rayonunda nəqliyyatın turizmə təsirinin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib
Coğrafiya fakültəsində növbəti Elmi seminar keçirilib. İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Orucov Polad Şəmistan oğlu “Balakən inzibati rayonunda nəqliyyatın turizmə təsirinin qiymətləndirilməsi” mövzusunda çıxış edib.
Məruzəçi bildirdi ki, Balakən rayonu inzibati vahid kimi 1930-cu ildə yaradılıb. Tarixi qaynaqlar Balakən rayonunun Qədim Albaniya dövlətinin ərazisinə daxil olduğunu göstərir. Böyük Qafqaz dağının yamaclarında yerləşən Balakən rayonu şimalda Rusiya Federasiyası, qərb və cənub-qərbdə Gürcüstan ilə həmsərhəddir. Balakənin rekreasiya-turizm ehtiyatları zəngin olduğuna görə burada turizm işi bir çox istiqamətlər üzrə inkişaf etdirilə bilər. 2024-cü ildə Balakən rayonuna 30 minə yaxın turist gəlmişdir. Məruzəçi qeyd etdi ki, turistlərin mütəmadi və rahat gəlməsi üçün daxili infrastruktur şəbəkəsi keyfiyyətli olmalı, xüsusən də nəqliyyat dayanaqlı fəaliyyət göstərməlidir. Bakı-Şamaxı-İsmayıllı-Balakən turizm istiqaməti üzrə Balakən rayonunda 12 turizm marşrutu üzrə zonalar müəyyənləşdirilmişdir. (Balakən-Katex şəlaləsi, Balakən-Qubek, Balakən-İtitala, Balakən-Zepel bulağı-Pəri qalası və s.). Nəqliyyat və turizm arasında əlaqənin müəyyənləşdirilməsi üçün “Spirmen” modelindən istifadə edilərək korrelyasiya əmsalı hesablanmış və alınan əmsal (r=0,5) göstərir ki, Balakəndə nəqliyyat və turizm arasındakı əlaqə orta səviyyədədir.
Təqdimatın sonunda Orucov Polad turizm və nəqliyyatın inkişafı ilə bağlı bir sıra təkliflər verdi.
Məruzə ətrafında dosent Saleh Nağıyev, dosent Şəkər Məmmədova, dosent İradə Əliyeva, professor Aydın İbrahimov çıxışlar etdilər.