Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Xəzər dənizinin səviyyə tərəddüdlərinin təsirlərinə həsr olunmuş ustad dərsi keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru, professor Əmir Əliyevin “Xəzərin səviyyəsinin tərəddüdlərinin sahil zonasında məskunlaşmaya və yaşayış məntəqələrinə təsiri” mövzusunda ustad dərsi keçirilib. Tədbir “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunub.
Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev Xəzər dənizindəki uzunmüddətli səviyyə tərəddüdlərinin yaratdığı sosial-iqtisadi problemlərə diqqət çəkib və bu sahədə fundamental tədqiqatların əhəmiyyətini vurğulayıb.
Professor Əmir Əliyev dənizin müasir coğrafi şəraiti, su balansı elementləri, səviyyə tərəddüdlərinin çoxillik trendlər üzrə tədqiqi, həmçinin tektonik, iqlim və antropogen amillərin qarşılıqlı təsiri barədə geniş məlumat təqdim edib. Məruzədə dənizin dib geomorfologiyasındakı hərəkətlərin səviyyə tərəddüdlərinə və sahil zonasında məskunlaşma ilə yaşayış məntəqələrinin inkişafına təsiri izah olunub.
Ustad dərsində professor Məqsəd Qocamanov, dosentlər İradə Əliyeva, Ələkbər Həsənəliyev və coğrafiya üzrə fəlsəfə doktoru Şəfiqə Hümbətova tədqiqat mövzusunun aktual və metodik yanaşmanın innovativ olduğunu vurğulayaraq, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyə ediblər.