Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi TGT-nin təşkilatçılığı ilə “Böyük Zəfərin Başlanğıcı” tədbiri keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin rəhbərliyi və Fakültə Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş “Böyük Zəfərin Başlanğıcı” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin, o cümlədən Aprel şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Aprel döyüşlərinin Azərbaycan Hərb Tarixində xüsusi yer tutduğunu vurğulayıb. O, qeyd edib ki, bu döyüşlər Azərbaycan Ordusunun iradəsini və vətənə bağlılığını nümayiş etdirib, milli ruhun yüksəlişi və Prezident-Xalq-Ordu birliyinin möhkəmlənməsi baxımından mühüm mərhələ olub. Professor həmçinin gənclərə çağırış edərək bildirib ki, tələbələr yalnız elmi biliklərə yiyələnməklə kifayətlənməməli, milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər vətəndaşlar kimi formalaşmalıdırlar.
Rəsmi hissədən sonra tədbirin bədii proqramı təqdim olunub. Proqram çərçivəsində Aprel döyüşlərinə həsr edilmiş şeirlər səsləndirilib, “Cənab leytenant” mahnısı ifa olunub və mövzu ilə bağlı videoçarx iştirakçılara təqdim edilib.