Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə universitet ərazisində fəaliyyət göstərən Faydalı Qazıntılar Muzeyinə maarifləndirici ekskursiya keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə universitet ərazisində fəaliyyət göstərən Faydalı Qazıntılar Muzeyinə maarifləndirici ekskursiya keçirilib.
Ekskursiyanın məqsədi tələbələrin geologiya və mineralogiya sahəsində biliklərini dərinləşdirmək, nəzəri məlumatları real nümunələr üzərində daha aydın şəkildə mənimsəmələrinə şərait yaratmaq olub. Muzeyin bələdçisi iştirakçılara Azərbaycanda və dünyada mövcud olan əsas faydalı qazıntı yataqları, mineralların yaranma şəraiti, fiziki və kimyəvi xüsusiyyətləri, eləcə də onların sənaye əhəmiyyəti barədə geniş məlumat təqdim edib.
Tələbələr sərgidə nümayiş etdirilən müxtəlif filiz nümunələri, kristallar və nadir geoloji eksponatlarla yaxından tanış olublar. Həmçinin ölkənin müxtəlif iqtisadi rayonlarında yerləşən mineral ehtiyatlar, onların istismar perspektivləri və bu sahədə aparılan elmi tədqiqat istiqamətləri barədə ətraflı məlumat alıblar.
İnteraktiv müzakirə formatında keçirilən ekskursiya zamanı tələbələr öz suallarını ünvan edib, mövzu ətrafında fikir mübadiləsi aparıblar. Tədbirin sonunda iştirakçılar muzey ekspozisiyası ilə bağlı təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.
Ekskursiya tələbələrin ixtisas yönümlü biliklərinin artırılmasına və praktik dünyagörüşünün formalaşmasına mühüm töhfə verib.