Bakı Dövlət Universitetində Böyük Qafqazın çay yataqlarının morfodinamikasına həsr edilmiş elmi seminar keçirilib
14 Aprel 2026 16:21

Bakı Dövlət Universitetində Böyük Qafqazın çay yataqlarının morfodinamikasına həsr edilmiş elmi seminar keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində növbəti elmi seminar keçirilib. Seminar “Böyük Qafqazın cənub yamacı çay dərələrinin morfodinamikasına antropogen fəaliyyətin təsiri” mövzusuna həsr edilmişdi.
Seminarın iclasını açıq elan edən Fakültə Elmi seminarının sədri, dosent Saleh Nağıyev bildirib ki, müasir dövrdə intensivləşən təbii dağıdıcı hadisələr fonunda antropogen fəaliyyətin təbiətə və onun müxtəlif elementlərinə təsirinin elmi tədqiqi olduqca vacibdir. O, son günlərdə intensiv yağışlar nəticəsində müxtəlif regionlarda müşahidə olunan sel və daşqın hadisələrindən bəhs edərək, çaylarda baş verən morfodinamik proseslərinin öyrənilməsinin aktual elmi problemlərdən olduğunu qeyd edib.
Fiziki coğrafiya kafedrasının 5409.01 - “Geomorfologiya” ixtisasında fəlsəfə doktoru proqramı üzrə doktorantı Aygün Əzizova məruzə ilə çıxış edərək apardığı tədqiqat işlərinin Böyük Qafqazın cənub yamacı çayları – Şinçay, Kişçay, Balakənçay və Kürmükçay hövzələri ilə bağlı olduğunu bildirib. Tədqiqat ərazisi üçün qışı quraq keçən mülayim-isti və soyuq dağ iqlimi səciyyəvidir və burada otuzdan çox çay dərəsi mövcuddur. Tədqiqat çərçivəsində Şinçay, Kişçay, Balakənçay və Kürmükçayın uzunluq, mənbə yüksəkliyi, sutoplayıcı hövzəsinin sahəsi, qidalanma mənbəyi, daşqın dövrü, sel həssaslığı, orta axım həcmi və axım rejimi kimi əsas göstəriciləri müqayisəli təhlil olunmuş, sel və daşqın hadisələri çoxillik xronoloji zaman sırasına uyğun olaraq qruplaşdırılmışdır.