Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Urban Talks” layihəsi çərçivəsində “Davamlı şəhər turizmi modelləri və Azərbaycanın kiçik tarixi şəhərlərinə inteqrasiyası” mövzusunda görüş keçirilib
3 Mart 2026 15:33

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Urban Talks” layihəsi çərçivəsində “Davamlı şəhər turizmi modelləri və Azərbaycanın kiçik tarixi şəhərlərinə inteqrasiyası” mövzusunda görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun əməkdaşı, “Urban Talks” layihəsinin rəhbəri Mirhüseyn Tağıyev layihənin yaradılma tarixindən bu günə qədər həyata keçirilən fəaliyyətlər barədə məlumat verib. O bildirib ki, bu görüş layihə çərçivəsində sayca dördüncü tədbirdir və turizmin ətraf mühitə, sosial struktura və mədəni irsə qarşı həssaslığı kimi aktual məsələyə həsr olunub. Mirhüseyn Tağıyev xüsusilə Azərbaycanın kiçik tarixi şəhərlərində davamlı və balanslı inkişaf modelinin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Görüşün əsas çıxışçısı, BDU Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının baş müəllimi, coğrafiya elmləri namizədi və Azərbaycan Ekoturizm Assosiasiyasının həmtəsisçisi Vüqar Dərgahov davamlı şəhər turizmi anlayışının mahiyyəti və müasir şəhər inkişafındakı rolu barədə təqdimatla çıxış edib. O, davamlı turizmin əsas prinsipləri, mədəni irs və ətraf mühitin qorunması, nəqliyyatın optimallaşdırılması, yaşıl zonaların genişləndirilməsi, icmaların inkişafı və inkluziv bərabərlik kimi istiqamətləri diqqətə çatdırıb.
Eyni zamanda şəhər planlaşdırılması ilə turizm xidmətlərinin əlaqələndirilməsi, yerli biznes və kiçik sahibkarlığa dəstək, smart turizm və rəqəmsal texnologiyaların tətbiqi, eləcə də nəzarət mexanizmləri və turizm göstəricilərinin ölçülməsi məsələləri müzakirə olunub. Təqdimatda Azərbaycanın kiçik tarixi yaşayış məntəqələrində davamlı turizm tətbiqi üzrə idarəetmə modelləri və beynəlxalq təcrübə nümunələri təqdim edilərək qeyd olunub ki, düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma turizmin həm iqtisadi inkişafı gücləndirməsinə, həm də yerli dəyərlərin qorunmasına xidmət edə bilər.
Qeyd edək ki, “Urban Talks” layihəsi şəhərsalma və dayanıqlı inkişaf mövzularında tələbələr üçün interaktiv müzakirə platforması kimi fəaliyyət göstərir.