Azərbaycanın ali məktəb tələbələri arasında Coğrafiya fənni üzrə Respublika Olimpiadasının qalibləri təltif ediliblər

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Elmi Şurasında 25 may 2026-cı il tarixində BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında Respublika Olimpiadasının "Coğrafiya" fənni üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov çıxış edərək bildirib ki, BDU-nun təşkilatçılığı ilə artıq dördüncü ildir ki, Azərbaycanın ali məktəb tələbələri arasında riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə Respublika olimpiadaları keçirilir və onun keçirilməsində əsas məqsəd qeyd edilən elm sahələrində ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etməkdən ibarətdir. Coğrafiya fakültəsi bu olimpiadaların təşkilində fəal iştirak edir. Olimpiadanın nəticələrinə əsasən bir nəfər I, iki nəfər II, üç nəfər III yerə və yüksək nəticə göstərən altı iştirakçı isə həvəsləndirici nominasiyada mükafatlandırılır.
Həmin qaydalara uyğun olaraq Coğrafiya üzrə 2026-cı il olimpiadasının qalibləri elan olunub. Nəticələrə əsasən, BDU-nun magistrantı Zəhra Mustafazadə I yerə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Cəfər Əhmədov və Ramal Atakişiyev II yerə, BDU-nun magistrantı Sevinc Həsənova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Mərziyə Bayramova və BDU-nun tələbəsi Nurgül Əliyeva III yerə,
Sumqayıt Dövlət Universitetinin tələbəsi Elgün Həsənli, Bakı Ali Neft Məktəbinin tələbəsi Arif Aslanov, BDU-nun magistrant və tələbələri Raziyə Talıbova, Elgün Quluzadə, Zəhra Məhərrəmova və Ramilə Astanova həvəsləndirici sertifikatlara layiq görülüblər.
Tədbirin sonunda qaliblərə sertifikatlar təqdim olunub, fakültənin professor-müəllim heyəti onları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib.