"Azərbaycanda urbanizasiyalaşmış landşaftların inkişaf dinamikasının modelləşdirilməsi və optimallaşdırılması" mövzusunda Elmi Seminarı
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsində Fiziki Coğrafiya kafedrasının dissertantı Xumarxanım Dadaşovanın "Azərbaycanda urbanizasiyalaşmış landşaftların inkişaf dinamikasının modelləşdirilməsi və optimallaşdırılması (Gəncə və Mingəçevir şəhərlərinin timsalında)" mövzusunda Elmi Seminarı keçirilib.
Məruzəçi mövzunun aktuallığına toxunub. X.Dadaşova “Azərbaycanda urbanizasiyalaşmış landşaftların inkişaf dinamikasının modelləşdirilməsi və optimallaşdırılması (Gəncə və Mingəçevir şəhərlərinin timsalında)” mövzu ilə bağlı təqdimat edib. Əsas olaraq bildirib ki, mövzu Azərbaycan Respublikasının Gəncə və Mingəçevir kimi əhəmiyyətli şəhərlərinin mövcud ən aktual problemlərini işıqlandırmaqla bərabər eyni zamanda hər iki şəhər üçün ekoloji risk zonalarının araşdırılması və təhlili məsələlərini özündə ehtiva edir. Hər iki adı çəkilən şəhərin formalaşmasının tarixi-coğrafi, təbii-coğrafi şəraitləri, ekoloji problemləri və eləcə də onların həlli və şəhərlərin optimallaşdırılma yollarını təhlil edib, Gəncə və Mingəçevir şəhərləri üçün ekoloji karkas modellərini müəyyən etmiş və təklif edib.
Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova çıxış edərək, mövzunun coğrafi tədqiqatının önəminə diqqət çəkib, Gəncə və Mingəçevir şəhərləri üçün “Ekoloji karkas modelinin” əhəmiyyətini vurğulayıb və bu istiqamətdə dissertantın elmi fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Dosent İmran Abdullayev çıxış edərək məruzəçinin toxunduğu məqamların doğru və maraqlı olduğunu qeyd edib, amma dediklərinin hazırda mövcud şəraiti xarakterizə etdiyini bildirib. Proqnoz xarakterli olaraq müəyyən edilən yeniliklərin daha əhəmiyyətli olduğunu söyləyib.
Dosent Saleh Nağıyev çıxışında qeyd edib ki, məruzəçinin dediklərinizə əsasən Gəncə və Mingəçevir şəhərlərində bütün geosferlər üzrə ciddi ekoloji problemlərin olduğu məlumdur, ən ciddi problemlərdən biri isə yaşıllıqların çox az olması qeyd edilib ki, hər iki şəhərdə bu problem özünü ən bariz şəkildə biruzə verib. Deyilənlərə əsasən məruzəçinin çıxışını diqqətə layiq hesab edərək müsbət qiymətləndirdiyini söyləyib.
Dosent Ələkbər Həsənəliyev çıxışında bildirib ki, dissertant məruzəsində Gəncə və Mingəçevir şəhərlərində optimallaşdırma işlərinin aparılması üçün yaşıllıqların salınması və eləcə də bu prosesin əhəmiyyətini qeyd etdiyini bildirib, eləcə də yaşıllaşdırma işlərinin aparılması üçün əraziyə daha uyğun ağac növlərini təklif etdiyini söyləyib.
Elmi seminarın sonunda dissertant Xumarxanım Dadaşova çıxışına olan diqqətə və maraqlı suallara görə təşəkkür etdiyini və söylənilən bütün fikir və təklifləri gələcək tədqiqatlarında nəzərə alacağını bildirib.