“Azərbaycan təbiətini qoruyaq” mövzusunda Elmi seminar
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Elm günü” ilə bağlı tədbirlər planına əsasən “Azərbaycan təbiətini qoruyaq” mövzusunda Elmi seminar təşkil olunmuşdur.
Seminarı giriş sözü ilə açan fakültə dekanı Şəkər Məmmədova qonaqları və fakültənin professor-maəllim heyətini salamlayaraq bu günkü elmii seminarın əhəmiyyətindən danışdı . Eyni zamanda müzakirə olunacaq məsələlərin elmi tərəflərini qeyd edərək Azərbaycan təbiətində hal hazırda baş verən dəyişiklikləri vurğulayaraq təbii kompanentlərə insan fəaliyyətinin və təbii təsirlərin yaratdığı təzadlardan danışdı.
Daha sonra seminarda AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru c.e.d. Zakir Eminov “Azərbaycan Respublikasında müasir ekoloji problemlər və onların həlli yolları“ mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, insan təbiətin bir hissəsidir və o özünü nə qədər güclü hesab etsə də təbiətdən – təbii şəraitdən, təbii ehtiyatlardan asılıdır. Ona görə də təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə edilməlidir. İnsanların planlaşdırılmamış təsərrüfat fəaliyyəti nəticəsində təbiətə ağır zərbə vurulur, ekoloji disbalans yaranır. Mal-qaranın kütləvi şəkildə meşələrdə otarılması torpaq örtüyünün deqradasiyasına səbəb olur. “30-40 il əvvəl Kür ətrafında olan meşələrdən indi əsər-əlamət qalmayıb, Kiçik Qafqaz meşələri təhlükə qarşısındadır. Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, demək olar, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkir. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”, - deyə alim xəbərdarlıq edib.
c.e.d. Zakir Eminovdan sonra Fiziki coğrafiya kafedrasının müdiri c.e.d. professor Yaqub Qəribov “Landşaftların ekoloji vəziyyətinin tənzimlənməsi“ mövzusunda seminar iştirakçılarına məlumat verib. O bildirdi ki, respublika ərazisində mövcud olan meşə fondunun ərazisi ümumi ərazinin 14 faizini təşkil edir. Meşə örtülü sahələr isə artaraq 11 faizdən 11,8 faizə qədər artmışdır. Lakin mövcud vəziyyət 10 faizdən aşağıdır.
Professor Yaqub Qəribovdan sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Tahir İbrahimov “Azərbaycan təbitindən səmərəli istifadə etməklə onun qorunması” mövzusunda çıxış etmişdir. Dosent Tahir İbrahimov Milli Parklarda fəaliyyətin təşkili, qoruqların mühafizə rejiminin gücləndirilməsi, təbiətin gələcək nəsillərə qorunub saxlanılmasının əhəmiyyətini qeyd etmişdir.
Daha sonra Geodeziya və kartoqrafiya kafedrasının dosenti Ramiz Əhlimanov “Azərbaycan təbiətinin qorunmasının kartoqrafik metodlarla öyrənilməsi” mövzusunda çıxış etmişdir. Dosent Ramiz Əhlimonov təqdim etdiyi xəritəsində nəzəri informasiya metod ilə təbiətin mühafizəsi istiqamətləri haqqında məlumat vermiş, eyni zamanda həmin metodların ərazidə tətbiqinin üstünlüklərini göstərmişdir. Təqdim olunan mövzular ətrafında seminar iştirakçılarını maraqlandıran məsələlərə aid məruzəçilərə suallar verildi və ətraflı elmi təhlillərlə cavablandırıldı .
Məruzələrin sonunda Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının müdiri t.e.d. professor Məqsəd Qocamonov, Hidrometeorologiya kafedrasının müdiri dosent İmran Abdullayev, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri dosenti . Həbibə Soltanova və digərləri təklif etdilər ki, təşkil olunacaq elmi seminarlara aidiyyatı dövlət qurumları dəvət olunmalıdır. Azərbaycanda hər hansı bir layihələr , tikinti-quruculuq işləri, ərtaf mühitə təsiri minimum olan alternativ enerji qurğularının quraşdırılması zamanı, kənd təsərrüfatı təyinatlı torpaqlarda aparılan işlərin həyata keçirilməsi və s. fəaliyyətlərin təşkili zamanı coğraf, ekoloq , iqlimşünas,kartoqraf və digər aidiyatı olan ixtisas mütəxəssislərinin fikirlərinin nəzərə alınması qeyd edildi.