Alternativ su mənbələri və Abşeron Regionu və Bakı şəhərinin İçməli Su Təchizatı barədə ustad dərsi
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su təchizatı, kanalizasiya sistemləri və hidrotexniki qurğuların tədqiqi şöbəsinin rəisi Zahid Nağıyevin Alternativ su mənbələri və Abşeron Regionu və Bakı şəhərinin İçməli Su Təchizatı barədə ustad dərsi keçirildi.
Görüşdə iştirak edənlərə Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron yarımadasının digər yaşayış məntəqələrinin su təchizatı sistemlərinin reabilitasiyası məqsədi ilə yenidənqurma işlər haqqında məlumat verdi. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi müxtəlif dövlət proqramları (“Azərbaycan Respublikası Regionların 2004-2008-ci illər, 2009-2013-cü illər və 2014-2018-ci illər, həmçinin 2019-2023-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramıları) əsasında “Milli Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Respublikanın 54 sayda şəhər və rayon mərkəzlərini və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunmuşdur.
Ustad dərsində vurğulandı ki, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron yarımadasında yerləşən digər yaşayış məntəqələrinin və eləcə də regionlarda şəhər və kəndlərin sutəchizatı və kanalizasiya xidmətləri Azərbaycan Dövlət Su Agentliyi tərəfindən həyata keçirilir. Hazırda ADSEA tərəfindən Abşeron yarımadasında içməli su təchizatı sahəsində əhali üzrə 89% və ərazi üzrə 77% və tullantı suların axıdılması sahəsində əhali üzrə 60% və ərazi üzrə 52% xidmət olunur.
Tədbirin sonunda mövzu ilə bağlı geniş müzakirələr aparıldı və tələbələrin sualları ətraflı cavablandırıldı.