20 Yanvara həsr olunmuş “Tarixin qanlı səhifəsi” adlı anım tədbiri
-lg.jpg)
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi rəhbərliyinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Tarixin qanlı səhifəsi” adlı anım tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri açıq elan edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov 20 Yanvar qətlyamını Azərbaycan xalqının tarixində ən dərin iz buraxmış faciələrdən biri olduğunu qeyd edib. O, bu qanlı hadisənin xalqımızın azadlıq və müstəqillik yolunda iradəsinin sarsılmazlığını nümayiş etdirdiyini hadisə adlandırıb, faciə şəhidlərinin göstərdiyi qəhrəmanlığın xalqımız tərəfindən heç zaman unudulmayacağını bildirib. Fakültə dekanı tələbə gənclərə müraciət edərək bu tarixi hadisələrin dərindən öyrənməsinin, milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyələnməsinin vacibliyini xüsusi olaraq diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində 20 Yanvar mövzusunda şeirlər səsləndirilib, faciəni əks etdirən videoçarx nümayiş olunub, həmçinin həmin gecənin ağrılı anlarını canlandıran səhnəcik təqdim edilib. Bədii kompozisiyalar iştirakçılarda dərin emosional təsir yaradıb və şəhidlərin qəhrəmanlıq yoluna ehtiram ifadə edilib.
Anım tədbiri 20 Yanvar şəhidlərinin xatirəsinə hörmət və ehtiramın ifadəsi olmaqla, gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edir.