“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Respublika elmi-praktik konfrans
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl dünya naminə həmrəylik: karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların Respublika elmi-praktik konfransı keçirilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda həyatlarını itirmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Konfransı açıq elan edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının milli və ümumbəşəri əhəmiyyət kəsb etməsinə diqqət çəkdi və müasir dünyanı cənginə almış qlobal ekoloji təhlükələrin qarşısının alınması istiqamətində beynəlxalq miqyasda tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd etdi. O bildirdi ki, bu prosesdə Azərbaycan Respublikası da yeni təşəbbüslərlə qlobal çağırışlara nəyinki qoşulur, hətta həmin tədbirlərin həyata keçirilməsində əsas təşkilatçılardan biridir. Buna misal olaraq, “COP-29” beynəlxalq tədbirinə ev sahibliyi etməsi göstərilə bilər. Məqsəd Qocamanov tələbə və gənc tədqiqatçıların ətraf mühitin mühafizəsi və coğrafi təbəqənin tarazlığının qorunub saxlanılmasında fəal rol oynamağa çağırdı və bugünki konfransın məhz həmin məqsədə xidmət edən mühüm hadisə kimi qiymətləndirdi.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov çıxışında BMT-nin dayanıqlı inkişaf məqsədlərinin icra olunmasında Azərbaycanın rolunu və “yaşıl gündəliyin” əhəmiyyətini vurğuladı. O bildirdi ki, konfransın mövzusu müasir dünyanın aktual problemlərini əhatə edir və tələbə, eləcə də gənc tədqiqatçıların elmi-praktik bacarıqlarının formalaşması və təkmilləşməsində bu cür tədbirlərin böyük əhəmiyyəti var.
Coğrafiya fakültəsi TEC-in fəxri üzvü, fakültənin I kurs magistrantı İmran Bayramov çıxış edərək Tələbə Elmi Cəmiyyəti tərəfindən son illərdə təşkil olunmuş konfranslar və TEC tərəfindən həyata keçirilmiş layihələr haqqında məlumat verdi. O bildirdi ki, Coğrafiya fakültəsi TEC-in üzvləri bu gün dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda, müxtəlif qurumlarda təmsil olunurlar. Sonra TEC-in fəaliyyətinə və görkəmli alim İmran Abdullayevin xatirəsinə həsr olunmuş videoçarx təqdim olundu.
Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev çıxışı zamanı Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində aparılan işlərə diqqət çəkdi və bildirdi ki, bu gün böyük şəhərlərin, xüsusi ilə Bakı aqlomerasiyasının antropogen yükünün azaldılması, şəhərdə ekoloji mühitin qorunması, yaşıllıq və rekreasiya zonalarının təşkili aktual məsələlərdəndir. Onun sözlərinə görə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonaları elan edilməsi bu sahədə Respublikada aparılan işləri daha da sürətləndirəcək. S. Nağıyev işğaldan azad olunmuş ərazilərin təbii ehtiyatlarının öyrənilməsinin aktuallığını qeyd edərək, tələbələrin bu sahədə tədqiqatlar aparmasının əhəmiyyətini vurğuladı.
Coğrafiya fakültəsi TEC-in sədr müavini Nəzirə Dursunova Coğrafiya fakültəsi TEC-in bülleteni – “Ekvatordan Qütblərə” elmi-populyar jurnalının növbəti sayı təqdim etdi və bu istiqamətdə tələbələr tərəfindən qrup şəkilində görülmüş işlərdən söz açdı.
Konfransın plenar iclasında tələbə və magistrantların üç məruzəsi dinlənildi. I kurs magistrant Fəridə Mürşüdova “Azərbaycanda YUNESKO irsi üzrə turizm marşrutlarının təşkili imkanları (Xınalıq və Köç Yolu timsalında)” mövzusunda məruzə ilə çıxış edərək ölkəmizdə tarixi və mədəni turizm resurslarının turizm məhsuluna çevrilməsi imkanları, etno-mədəni turizmin inkişafına təsir edən amillər və bu sahədə beynəlxalq təcrübənin tətbiqi imkanlarından bəhs etdi. Fakültənin II kurs magistrantı Aygün Əzizova “Morphology of wetland landscapes in the Shirvan Plain (Şirvan düzünün su-bataqlıq landşaftlarının morfologiyası)” mövzusunda çıxış etdi və Şirvan düzündə göl və bataqlıq landşaftlarının iqlim dəyişmələri nəticəsində pozulması problemindən və həmin landşaft komplekslərinin optimallaşdırılması yollarından danışdı. III kurs tələbəsi Leyla Səmədova “Tərəflərin Konfransı – COP29” mövzusunda məruzə ilə çıxış edərək bu il Azəbaycanda keçiriləcək bu tədbirin beynəlxalq əhəmiyyətindən və müzakirə olunacaq məsələlərdən danışdı.
Plenar iclasının sonunda məruzəçilərə və TEC-in fəaliyyətində fərqlənmiş tələbələrə təşəkkürnamələr təqdim olunub. Konfrans öz işini iki bölmə üzrə davam etdirib