8 NOYABR – ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov, Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov, hər iki fakültənin Tələbə Həmkarlar Təşkilatı, eləcə də professor-müəllim heyəti və Vətən müharibəsi qazisi Məbud Əhmədovun iştirakı ilə 8 Noyabr – Zəfər Günü münasibəti ilə “Zəfər” tədbiri keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.
Sonra Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov tədbirdə çıxış edərək bildirdi ki, XX əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistan Respublikası vətənimizin tarixi torpaqlarına açıq şəkildə ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşlarımız öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan, 44 gün davam edən Vətən müharibəsində güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində Böyük Zəfərə imza atılıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasəti və şanlı ordumuzun rəşadəti sayəsində qazanılmış Böyük Zəfər, eyni zamanda dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub.
Tədbirdə çıxış edən Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov diqqətə çatdırdı ki, 8 Noyabr – Zəfər Günü xalqımızın birliyinin və milli iradəsinin rəmzi kimi Azərbaycanımızın şanlı tarixinə qızıl hərflərlə sonsuzadək həkk olunub. Bu cəsarətli Qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin, şücaəti və müzəffər Ordumuza böyük inamı sayəsində qazanılıb. Bu gün Qarabağ yeni dövrünü yaşayır, cənab Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri aparılır, yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq tədbirlər təşkil edilir. Xalqımız əmindir ki, həyat keçirilən işlər və layihələr nəticəsində ölkəmizin digər rayonları kimi bu torpaqlarımız da tez zamanda cənnətə çevriləcəkdir.
Coğrafiya fakültəsinin 1-ci kurs tələbəsi Rəvan Əliyev öz çıxışında 44 günlük Vətən muharibəsi, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin dövrdə ordu-xalq birliyini təmin etməsi və həyata keçirdiyi məqsədyönlü siyasət haqqında danışdı.
Tədbirdə Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev, Vətən müharibəsi qazisi Məbud Əhmədov çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibəti ilə təbrik etdilər. Tədbirinin rəsmi hissəsi bitdikdən sonra tədbir Coğrafiya fakültəsinin Tələbə Həmkarlar Təşkilatının fəal üzvləri tərəfindən hazırlanmış qələbə ruhlu səhnəciklər, zəfər şeirləri və canlı musiqilərlə müşaiət olunan bədii hissə ilə davam etdirildi.
Coğrafiya fakültəsinin tələbələrindən Ramal Kərimzadə, Səbinə Şabanova, Rəna Əsədova, Səkinə Hacıyeva, Nurlan İbrahimxəlilov, Amil Məmmədov, Ziba Həsənova və Zəki Kərimlinin ifasında vətənpərvərlik mövzusunda şeirlər, Əliağa Vahidin “Vətəndir” qəzəlinin tarda müşaiyəti, “Azərbaycan” mahnısının ifası, 8 gün erməni əsirliyində qalan, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun rabitəçisi olmuş Dürdanə Ağayeva haqqında həyat səhnəciyi, Zəfər Gününə həsr edilmiş rep parçası iştirakçılar tərəfindən maraqla qarşılandı.