1924-cü ildə Şamaxı rayonunda anadan olub. 1938 – ci ildə natamam orta məktəbi, 1941-ci ildə Şamaxı Pedaqoji Texnikumunu bitirmiş, 1942-ci ildə Böyük Vətən müharibəsinin ordu sıralarına çağırılmış, 1944-cü ildə Böyük Vətən müharibəsi əlili kimi ordu sıralarından tərxis olunmuşdur.
1946-cı ildə Bakı (Azərbaycan) Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olmuş və 1951-ci ildə fakültəni fiziki coğrafiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
R.X.Piriyevin Böyük Vətən müharibəsindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, III dərəcəli «Şöhrət ordeni», beş medal və Leninqradın müdafiəsi ilə əlaqədar iki döş nişanı ilə təltif edilmişdir.
1954-cü ildən o fiziki-coğrafiya kafedrasında geodeziya və kartoqrafiya fənlərindən mühazirə və məşğələ dərsləri aparmağa başladı. 1958-ci ildə R.X.Piriyev «Şimal-Şərqi Azərbaycan çaylarının morfometrik xarakteristikası» mövzusunda namizədlik, 1969-cu ildə isə, «Azərbaycan respublikası relyefinin morfometrik təhlili» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1972-ci ildə professor adına layiq görülüb.
Prof. R.X.Piriyev 1967-1972-ci illərdə BDU Coğrafiya fakültəsinin dekanı, 1972-1988-ci illərdə geodeziya və kartoqrafiya kafedrasının müdiri vəzifəsində çalışıb.
Professor R.X.Piriyev BDU-da işlədiyi illər ərzində Böyük Elmi Şuranın üzvü, fakultə elmi şurasının sədri, fakultə Elmi-metodik şurasının sədri olmuş, AMEA Coğrafiya İnstitutunun namizədlik və doktorluq müdafiələri üzrə ixtisaslaşmış müdafiə şurasının üzvü olmuş, Azərbaycan Coğrafiya Cəmiyyətinin xətti ilə riyazi coğrafiya və kartoqrafiya bölmələrinə rəhbərlik etmiş, 10 nəfərdən çox elmlər namizədi yetişdirmişdir.
Prof. R.X.Piriyevin 100-ə qədər məqalənin, dərslik və monoqrafiyanın müəllifidir. O, universitetlərin coğrafiya fakültələri üçün ilk və «Kartoqrafiya (1965)» və Geodeziyanın əsasları və toroqrafiya (1994)» dərsliklərinin müəllifidir.
R.X.Piriyev 1979-cu ildə Baş Geodeziya və kartoqrafiya idarəsinin əlaçı döş nişanı, 1980 – ildə isə Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.