5 may 1927-ci ildə anadan olmuşdur. 1944-cü ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinə daxil olmuş, 1949-cu ildə oranı bitirərək, aspiranturaya daxil olmuşdur. 1953-cü ildə namizədlik, 1963-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1965-ci ildən professordur. 1954-cü ildə BDU-nun Fiziki-coğrafiya kafedrasında dosent, 1960-cı ildən ömrünün sonuna qədər kafedra müdiri vəzifəsində çalışmışdır. 2000-2011-ci illərdə Coğrafiya fakültəsinin dekanı olmuşdur.
Elmi fəaliyyəti geomorfologiya, landşaftşünaslıq, neotektonika, paleocoğrafiya, ekologiya ilə əlaqədardır. Yerli və xarici elmi nəşrlərdə 450-dən artıq elmi və elmi-publisistik məqaləsi çap edilmişdir. 10 monoqrafiyanın, 9 ali və orta məktəb dərsliyinin, 10-dan artıq dərs vəsaitinin, 20-dən artıq fənn proqramının müəllifidir. Elmi rəhbərliyi ilə 20-dən çox elmlər doktoru və namizədi hazırlanmışdır.
1992-ci ildən ömrünün axırına qədər Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Coğrafiya bölməsinin sədri, 1994-cü ildən TQDK-nın Coğrafiya üzrə seminarının rəhbəri, 1991-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur. Əməkdar elm xadimi fəxri adına, Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdünə layiq görülmüşdür.