5 may 1900-cü ildə anadan olmuşdur. 1918-ci ildə Bakı Realnı məktəbini bitirmiş və 1926-cı ilə qədər Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil almışdır. 1939-cu ildə coğrafiya sahəsində namizədlik dissertasiyasını müdafiə etmişdir. 1964-cü ildə professor elmi adı almışdır. 1930-cu ildə Azərbaycan Pedaqoji İnstitutunda Coğrafiya kafedrasının müəllimi, 1939-cu ildən həmin kafedranın müdiri və İnstitutun Elmi işlər üzrə prorektoru vəzifəsində çalışmışdır. 1938-ci ildə sabiq SSRİ EA-nın Coğrafiya İnstitutunun Azərbaycan filialında İqtisadi coğrafiya şöbəsinə rəhbərlik etmişdir. 1945-ci ildə AMEA-nın Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1948-ci ildən BDU-nun Geologiya-coğrafiya fakültəsində İqtisadi coğrafiya kafedrasının, 1960-cı ildən Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası kafedrasının müdiri, 1980-ci ildən həmin kafedranın elmi məsləhətçisi olmuşdur.
Elmi fəaliyyəti əsasən Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası sahəsində regional problemlərin və coğrafiyanın tədrisi məsələlərinin araşdırılması istiqamətində olmuşdur. Çoxsaylı məqalə, monoqrafiya və dərsliklərin müəllifidir. Rəhbərliyi ilə 6 nəfər elmlər namizədləri hazırlanmışdır. Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
1939-1951-ci illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin, 1939-1957-ci illərdə SSRİ Coğrafiya Cəmiyyətinin Azərbaycan filialının sədri olmuşdur. 1970-ci ildə SSRİ Coğrafiya Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Bakı Dövlət Universitetinin və geologiya-coğrafiya fakültəsinin Elmi şuralarının üzvü olmuşdur.