1929-cu ildə anadan olmuşdur. 1946-1951-ci illərdə BDU-nun Geologiya-coğrafiya fakültəsində təhsil almış, 1956-cı ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1971-ci ildə professor elmi adı almışdır. Azərbaycanda XX əsr torpaqşünaslıq elminin görkəmli nümayəndəsi, Azərbaycan EA Rəyasət Heyətinin Torpaqşünaslıq və Meliorasiya Problemlərinin Koordinasiya Şurasının üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Azərbaycanda ilk “Torpaqların rekultivasiyası” laboratoriyasının təsisçisi və rəhbəri olmuşdur.
1968-1979-cu illərdə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Elmi fəaliyyətinin əsas istiqamətləri sırasında Azərbaycanın bir sıra iri suvarma-meliorasiya ərazilərində torpaqların coğrafi və stasionar cəhətdən tədqiqini, ağırgilli şoranların mənimsənilməsinin effektiv üsullarının işlənilməsini qeyd etmək olar. Alimin tətbiq və istehsalat üçün təklif olunmuş bir sıra tövsiyələri Azərbaycan SSR-nin suvarma massivlərinin şoranlaşmış torpaqlarının yaxşılaşdırılmasının və mənimsənilməsinin layihələndirilməsinə şərait yaratmışdır. SSRİ-də ilk dəfə olaraq Azərbaycanın neftçıxarma və sənaye işləri nəticəsində çirklənmiş torpaqlarının rekultivasiyasi sahəsində iri nəzəri tədqiqatlar aparmışdır. Bütövlükdə, onun tədqiqatlarının nəticələrinin xalq təsərrüfatına tətbiqi Azərbaycanın meliorasiya işlərinə olan xərclərinin azaldılmasına imkan yaratmış, iqtisadi effekt və böyük mənfəət vermişdir.
1959-1961-ci illərdə BDU-da elmi və pedoqoji fəaliyyətlə məşğul olmuşdur. M.R.Abduyev 6 kitab, 150-dən çox məqalənin müəllifi olmuşdur. 11 aspirant və dissertanta rəhbərlik etmişdir. Müxtəlif Fəxri fərmanlar, medallar və digər mükafatlarla təltif edilmişdir.