Sovetlər dövründə Azərbaycan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsinin həm mərkəzi aparatında, həm də onun rayon struktur bölmələrində çalışan kadrların əksəriyyətini Rusiyanın ali məktəblərində müvafiq ixtisaslar üzrə qurtaran qeyri azərbaycanlı millətindən olan kadrlar təşkil edirdi.
Həm bunu, həm də həmin dövrdə Azərbaycan Kommunist Partiyasının birinci katibi Ulu öndər Heydər Əliyevin respublikamızda hidrometeoroloji xidmət sahəsinə göstərdiyi xüsusi diqqət və qayğını nəzərə alan Azərbaycan Hidrometeoroloji xidmət idarəsinin rəisi Əhməd Babayev, Hidrometeorologiya Mərkəzinin direktoru Sahrux Ağayev, Zaqafqaziya Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun Bakı Bölməsinin direktoru Aydın Kərimov 1970-ci ildə Heydər Əliyevə Azərbaycanda hidrometeorologiya sahəsində milli kadrların hazırlanması ilə bağlı müraciət etmişlər. Müraciətdə hidroloq, meteoroloq ixtisası üzrə yüksək ixtisaslı milli kadrların hazırlanması məqsədilə Azərbaycan Dövlət Universitetinin Geoloji-Coğrafiya fakültəsində Hidrometeorologiya kafedrasının açılmasının vacibliyi vurğulanırdı.
Ulu öndər bu müraciətə çox müsbət yanaşaraq bununla bağlı məsələlərin həll olunması üçün Azərbaycan Nazirlər Sovetinə, Təhsil Nazirliyinə müvafiq tapşırıqlar vermişdir. Bu tapşırıq qısa müddətdə öz həllini taparaq 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-Coğrafiya fakültəsinin Fiziki Coğrafiya kafedrasının bazasında ilk dəfə olaraq Hidrometeorologiya kafedrası yaradıldı.
Qeyd etmək lazımdır ki, hələ 1971-ci ildən Coğrafiya fakültəsinə qəbul olunmuş tələbələrdən (2-ci kursun 4-cü semestrindən başlayaraq), ixtisaslaşma yolu ilə (adətən, hər ixtisaslaşma üzrə 12 tələbə) “hidrologiya” və “meteorologiya-iqlimşünaslıq” ixtisasları üzrə kadr hazırlığına başlanılmışdı.
Kafedranın ilk müdiri coğrafiya elmləri namizədi, dosent (sonradan professor) Vəliyev Nəriman Adil oğlu olmuşdur. Kafedranın professor-müəllim və köməkçi heyəti belə idi: dos. Məmmədov Maqbet Ədil oğlu, dos. Məmmədov Qərib Mutu oğlu, dos. Nadirov Vilayət Abbasqulu oğlu, baş müəllim İsgəndərov Sabir Məhəmməd oğlu, baş müəllim Məmmədov Böyükağa Ənvər oğlu, baş müəllim Məmmədov Bağır Hüseyn oğlu, baş müəllim Abdullayev Ramiz Bəhram oğlu, müəllim Qarayeva Sevda, Mustafayev Ayaz, laborant Məhərrəmova Məlahət Musa qızı, Əliyeva Nəsibə Əhməd qızı və b.
İlk illərdə Həsənov Sahəli, Xəlilov Ağa, Kələntərov Kamil, Axundov Sabir və başqaları da ayrı-ayrı fənnlər üzrə saat hesabı dərs deyirdilər.
Kafedranın hidrometeoroloji cihazlarla təmin olunmasında Aydın Kərimovun (Zaqafqaziya Hidrometeorologiya İnstitutunun Bakı Filialının direktoru), fond materialları, hidroloji illiklər, əsas hidrometeoroloji xarakteristikalar və iqlim sorğu kitablarının əldə edilməsində Hidrometeoroloji Xidmət İdarəsi, Elmlər Akademiyasının Coğrafiya İnstitutu çox böyük rol oynamışlar.
1990-2004-cü illərdə kafedraya c.e.d., prof. Maqbet Məmmədov rəhbərlik etmişdir. Həmin dövrdə kafedranın kadr potensialı əhəmiyyətli səviyyədə gücləndirilmiş və kafedraya yeni əməkdaşlar dəvət olunmuşlar: R.N.Mahmudov, F.Ə.İmanov, Ə.S.Məmmədov, İ.M.Abdullayev, A.İ.Hümbətov, İ.S.Əliyeva, H.Y.Fətullayev, A.A.Quliyeva, N.İ.Həsənova.
2004-cü ildən 2022-ci ilə kimi kafedraya c.e.d., prof. Fərda İmanov rəhbərlik etmişdir. Bu dövrdə A.A.Quliyeva və N.İ.Həsənova müəllim ştatına keçmiş, kafedranın məzunları A.A.Nuriyev, R.F.Rəcəbov və A.R.Məhərrəmova müəllim vəzifəsinə seçilmişlər. 2022-ci ildən kafedraya f.r.e.n. dosent İmran Abdullayev rəhbərlik edir.
BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması məqsədi ilə 2014-cü il yanvar ayının 24-də BDU ilə “Azərsu” ASC arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandum imzalanmışdır. Memorandum əsasında Bakı Dövlət Universitetinin Elmi Şurasının 01 fevral 2017-ci il tarixli 02 saylı və “Azərsu” ACS-nin “Sukanal” Elmi tədqiqat və Layihə İnstitutunun Elmi – texniki Şurasının 31 yanvar 2017-ci il tarixli 01 saylı iclaslarının qərarı ilə “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun nəzdində Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının filialı yaradılmış və Filialın Əsasnaməsi təsdiq edilmişdir.
2017-cı il frevral ayının 16-da Filialın açılışı olmuşdur. Filialda ilk mərhələdə Hidrometeorologiya ixtisasının 2 ixtisaslaşması - “Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi” və “Hidrologiya” üzrə bir sıra fənlər tədris olunur.