Geodeziya və kartoqrafiya kafedrasının Coğrafiya fakültəsində xüsusi yeri vardır. Belə ki, fakültədə yerinə yetirilən bütün növ elmi-tədqiqat işlərinin sonluğu xəritə və planla tamamlanır və nəticələr müvafiq tematik xəritələrdə əks etdirilir. Tədqiqat obyektlərinin xəritədə təsvir edilməsi üçün onların ölkə ərazisində qəbul edilmiş Dövlət Koordinat Sistemində yeri – koordinatları məlum olmalıdır. Koordinatların təyin edilməsi birbaşa geodeziya metodları ilə həyata keçirilir. Bu qeyd edilənlər sübut edir ki, geodeziya-kartoqrafiya elmi dövlətimizin iqtisadi siyasətində çox mühüm bir sahədir.
Hal-hazırda Geodeziya və kartoqrafiya kafedrası yeni inkişaf dövrünü yaşayır. Kafedrada müasir peyk və elektron cihazlarla təchiz edilmiş elmi-tədris laboratoriyasının ixtisaslı mütəxəsislərin hazırlanmasının və elmi-tədqiqat işlərinin səviyyəsinin müasir tələblərə uyğun həyata keçirilsinə imkan verəcəkdir.
Geodeziya və kartoqrafiya kafedrasının yaranma tarixi 1972-ci ildən hesablansa da, əslində onun rüşeymi hələ 1944-ci ildən cücərməyə başlamışdı. Belə ki, bu ildən, yəni Azərbaycan Dövlət Universitetində geologiya-coğrafiya fakültəsinin yarandığı ilk gündən, geodeziya və kartoqrafiya fənləri tədris olunmuş və bu elm sahəsi üzrə, demək olar ki, ilk bölmə formalaşmağa başlamışdı. Fakultədə bu işlərə rəhbərlik və onun inkişaf etdirilməsi əməkdar elm xadimi, professor Məmməd Hüseyn oğlu Əliyevə həvalə edilmişdi. M.H.Əliyev ömrünün sonuna kimi görkəmli coğrafiyaşunas alimlərlə birlikdə yüksək ixtisaslı kadr hazırlığında, geodeziya-kartoqrafiya elminin tədrisi və tədqiqində fəal iştirak etmişdir.
1954-cü ildə M.H.Əliyevin zəmanəti ilə Rizvan Xanəmi oğlu Piriyev geodeziya və kartoqrafiya fənlərindən dərs demək üçün universitetə dəvət olunur. R.X.Piriyev pedaqoji fəaliyyətlə yanaşı kartoqrafiya elminin inkişaf etdirilməsi istiqamətində fəal elmi tədqiqatlara başlayır. 1958-ci ildə namizədlik, 1969-ci ildə doktorluq dissertasiyası müdafiə edir və 1972-ci ildə professor adına layiq görülür. SSRİ Nazirlər Soveti yanında Baş Geodeziya və kartoqrafiya idarəsinin 16 №li Bakı müəssisəsi təsis edildikdən sonara bu müəssisənin geodeziya və kartoqrafiya ixtisası üzrə hazırlıq keçmiş gənc mütəxəssislərə olan tələbatını ödəmək məqsədi ilə institut və universitetlərdə müvafiq ixtisas kafedralarının açılması məsələsi gündəmə gəlir və 1972-ci ildə geodeziya və kartoqrafiya istiqaməti Fiziki coğrafiya kafedrasından ayrılaraq müstəqil Geodeziya və kartoqrafiya kafedrasına çevrilir və prof. R.X.Piriyev həmin kafedranın müdiri vəzifəsinə seçilir.İlk dövrlər kafedra 6 müəllim və 2 laborantdan ibarət idi: kafedra müdiri prof. R.X.Piriyev, dos. T.A.Sultanov, k.-t.e.n. Q.G. Hacıməmmədov, b/m. S.M.Atakişiyev, b/m. R.Ə.Babayev, müəl. R.H.Muğalov və b/lab. S.Ə.Əsgərov, lab. R.Seredova. 1976-ci ildə R.V.Bayramov, 1977-ci ildə g-m.e.n. O.A.Kərimov və 1985-ci ildə isə c.e.n. Q.Ə.Kərimov kafedraya dəvət olunurlar.
1974-cü ildən başlayaraq kafedrada «kartoqrafiya» ixtisası üzrə ali təhsil proqramına uyğun mütəxəssis hazırlığına başlanılır. Eyni zamanda kafedranın əməkdaşları bu illər pedaqoji fəaliyyətlə yanaşı prof. R.X.Piriyevin rəhbərliyi altında elmi-metodiki və elmi-tədqiqat işləri ilə məşğul olurlar. Elmi-tədqiqat işlərinin əsas mövzusu kartometriya və morfometriyanın nəzəri və praktiki məsələlərinin həlli ilə bağlı idi. Bu işlərin nəticəsi olaraq bir neçə namizədlik dissertasiyaları müdafiə olunur: Q.G.Hacıməmmədov (1970), S.M.Atakişiyev (1975), R.Ə.Babayev (1977), R.M.Əhlimanov (1980).
Bu dövrlərdə R.X. Piriyevin «Azərbaycan relyefinin morfometrik təhlili» adlı monoqrafiyası (rus dilində), ilk dəfə azərbaycan dilində yazılmış «Kartoqrafiya» (1964, 1975) və «Geodeziyanın əsasları və topoqrafiya» (1994) dərslikləri işıq üzü görür.
Prof. R.X.Piriyevin vəfatından sonra 1988-ci ildən Geodeziya və kartoqrafiya kafedrasına texnika elmləri namizədi dosent Rafiq Əliheydər oğlu Babayev rəhbərlik etmişdir. O, 1965-ci ildə Moskva Geodeziya, Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunu kartoqrafiya ixtisası üzrə bitirmiş ilk mütəxəssislərdəndir və 1977-ci ildə həmin ixtisasdan namizədlik dissertasiyası müdafiə etmişdir. R.Ə.Babayev Azərbaycanın landşaft, geomorfologiya, əhali və sənaye xəritələrinin tərtibində həmmüəllif olmuşdur.
Dos. R.Ə.Babayevin kafedraya rəhbərliyi dövründə Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartoqrafiya Komitəsinin sifarişi əsasında Geodeziya və kartoqrafiya kafedrasında «Tətbiqi geodeziya» ixtisası üzrə də mütəxəssis hazırlığına başlanılır. Bu illər tədrisə kömək məqsədi ilə kafedraya yeni əməkdaşlar dəvət olunur: c.e.n. R.M.Əhlimanov (1990), t.e.n. M.H.Qocamanov (1991), Ə.T.Talıbov (1992), H.H.Mikayılova (1992), t.e.n. Z.A.Bağmanov (1993), c.e.n. M.M.Mehbaliyev (1994), M.K.Orucov (1995), Ş.Ə.Bədəlov (2000).
Kafedranın apardığı ənənəvi elmi-tədqiqat işləri istiqamətinə, yəni «Təbii komplekslərin və onların komponentlərinin aerokosmik materiallar əsasında tədqiqi və kartoqrafik təhlili» mövzusuna yeni bir mövzu da əlavə olunur: «Peyk texnologiyasından istifadə əsasında müasir geodeziya təminatı sisteminin yaradılması» (məsul: dos. M.H.Qocamanov). Bu dövrdə Ə.T.Talıbov (2000) və H.H.Mikayılova (2008) namizədlik, M.H.Qocamanov isə doktorluq dissertasiyası (2005) müdafiə etmişlər.
2011-2023-cü ilədək Geodeziya və kartoqrafiya kafedrasına texnika elmləri doktoru, professor Məqsəd Hüseyn oğlu Qocamanov rəhbərlik edir. O, ali təhsilin bütün pillələrini: institut (1977-1982), aspirantura (1986-1989) və doktoranturanı (2002-2005) Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetində keçmişdir. M.H.Qocamanov geodeziya və kartoqrafiya elmi sahəsində elmlər doktoru elmi dərəcəsinə layiq görülmüş ilk və yeganə azərbaycanlıdır. Onun elmi fəaliyyəti ali geodeziya, kosmik və peyk geodeziyası, geodeziya ölçmələrinin riyazi hesablanması və peyk texnologiyaları əsasında müasir geodeziya şəbəkələrinin yaradılması, CİS və kadastr sistemlərinin yaradılması, aerokosmik və məsafədən zondla tədqiqat metodları, dəniz geodeziyasınin elmi və elmi-praktik problemlərinin həlli ilə bağlıdır. O, ali məktəblər üçün üç dərslik, iki dərs vəsaiti, iki monoqrafiya, 12 000 sözdən ibarət rusca-azərbaycanca geodeziya-kartoqrafiyaya dair terminoloji lüğətin, 2 müəlliflik şəhadətnaməsi, çox saylı metodik göstəriş və fənn proqramlarının, 180 elmi məqalənin müəllifidir. M.H.Qocamanov ISPRS(Beynəlxalq Fotoqrammetriya və Məsafədən Duyma Təşkilatı) Azərbaycan nümayəndəliyinin sədri, həmin təşkilatın V komissiyasının (Education and Outreach - Təhsil və təşviqat) V/3 işçi qrupunun həmsədri, MDB ölkələri Geodeziya, Kartoqrafiya, Məsafədən Duyma və Kadastr Xidmətləri Şurasının Təhsil Komissiyasının üzvüdür.
2023-cü ildən Geodeziya və kartoqrafiya kafedrasına coğrafiya elmləri namizədi dosent Əfqan Talıb oğlu Talıbov rəhbərlik edir. O, ali təhsil pillələrini-tələbə (1986-1991) və aspiranturanı (1991-1995) Bakı Dövlət Universitetində keçmişdir. Ə.T.Talıbov bir dərs vəsaitinin, bir monoqrafiyanın, Azərbaycanın Milli atlasında nəşr edilmiş üç xəritənin, çox saylı metodik göstəriş və fənn proqramlarının, 50-dən çox elmi məqalənin müəllifidir.
Kafedrada elmi-tədqiqat işləri ilə yanaşı elmi-metodiki işlər də davam etdirilərək xəritəçilik ixtisası üçün həm bakalavriat, həm də magistrura pilləsində tədris proqramları topluları (2018), metodik göstərişlər, dərsliklər (M.H.Qocamanov, Z.A.Bağmanov: Geodeziya ölçmələrinin riyazi hesablanması (2001), M.H.Qocamanov: Geodeziya ölçmələrinin hesablanması və tarazlaşdırılması (2014), M.H.Qocamanov: Hərbi topoqrafiya (2009) , dərs vəsaitləri (R.V.Bayramov: Geodeziyanın əsasları və kartoqrafiya (rus və azərbaycan dillərində) (2006, 2010), Ə.T.Talıbov: Coğrafiyanın əsasları (2012)), monoqrafiyalar (Ə.T.Talıbov: Abşeron yarımadasının landşaft-ekoloji şəraitinin kartoqrafik təhlili (rus dilində) (2004), M.H.Qocamanov: Peyk texnologiyalarından istifadə etməklə Dövlət Geodeziya şəbəkəsinin yenidən qurulması və inkişaf etdirilməsi (rus dilində) (2008), M.H.Qocamanov: Dənizdə işlərin geodeziya təminatı və monitorinqi (rus dilində) (2009), R.Ə.Babayev: Əyri xətlərin uzunluğu və meyl bucaqlarının ölçülməsi üsullarının modelləşmə metodu ilə tədqiqi (rus dilində) (2008), R.M.Əhlimanov: Landşaft strukturunun morfometrik təhlili (Azərbaycan Respublikası ərazisi timsalında) (rus dilində) (2009) və M.H.Qocamanov: Geodeziya, kartoqrafiya və aerofototopoqrafiya terminləri lüğəti (2000) nəşr etdirilmişdir.
Ötən 50 il ərzində kafedrada 1000- dən çox ali təhsilli ixtisasçı kartoqraf və geodezist, 60 magistr, 11 fəlsəfə doktoru, 2 elmlər doktoru hazırlanmışdır. Hal-hazırda Geodeziya və kartoqrafiya kafedrasında bakalavriat (050612-Geomatika və geodeziya mühəndisliyi) və magistratura (060640-Tətbiqi geodeziya, Xəritəçilik, Geomatika ixtisaslaşmaları) pillələrində ölkə ərazisinin geodeziya təminatı sisteminin yaradılması, topoqrafik cəhətdən öyrənilməsi, Yerin fiziki səthinin xəritələşdirilməsi sahəsində çalışa biləcək geodeziya və kartoqrafiya ixtisaslı kadr hazırlığı davam etdirilir. Kafedrada son 3 il ərzində 1 elmlər doktoru M.M.Mehbalıyev (2022) müdafiə etmiş və təsdiqini almış, 3 fəlsəfə doktoru proqramı üzrə ilkin müdafiədən keçirilmiş və yekun müdafiə mərhələsində, 1 fəlsəfə doktoru isə ilkin müdafiəyə hazırlaşır. Kafedrada hal-hazırda 7 magistrant, 2 doktorant təhsil alır.
Ötən illər ərzində kafedrada çoxsaylı elmi görüş və elmi seminarlar, o cümlədən Azəraycanda geodeziya və kartoqrafiyanın inkişaf perspektivlərinə həsr edilmiş üç elmi-praktik konfrans keçirilmiş, professor-müəllim heyəti tərəfindən yüzlərlə elmi tezis və məqalələr, 6 dərslik, 5 monoqrafiya nəşr etdirilmişdir.
Kafedra əməkdaşlarının elmi rəhbərliyi ilə tələbələrin elmi-tədqiqat işlərinə həvəsləndirilməsi tələbə elmi dərnəkləri xətti ilə həyata keçirilir. Tələbələrdən bir qrupu fakültə, universitet və respublika elmi konfrans və olimpiadalarında çıxış edərək fəxri yerlər tutmuşlar (D.V.Cəfərova və R.İ.Mahmudova- Respublika konfransında III yer - elmi rəhbər prof. M.H.Qocamanov).
Kafedra əməkdaşları çoxsaylı Beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir. Kafedra əməkdaşlarından prof. M.H.Qocamanov və dos. R.V.Bayramov Əməkdar müəllim adına layiq görülmüş, digərləri Qabaqcıl təhsil işçisi döş nişanı, Təhsil Nazirliyi və BDU-nun fəxri fərmanları və s. təltif edilmişdir. Eyni zamanda, Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar kafedranın bir çox əməkdaşları mükafatlandırılmışdır.
Geodeziya və kartoqrafiya kafedrası Rusiya (Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti, Moskva Dövlət Universiteti, Sibir Geosistem və geotexnologiyalar universiteti), Ukrayna (Kiyev, Lvov), Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İsveç, Almaniya, Misir, Hindistan, Vyetnam, Yaponiya, Avstraliya və başqa ölkə universitetləri ilə əlaqələr saxlayır, həmin universitetlərin alimləri ilə elmi əməkdaşlıq edir. Kafedranın professor-müəllim heyəti çoxsaylı beynəlxalq və respublika miqyaslı elmi və elmi-praktik konfrans, simpozium və konqreslərdə iştirak edərək elmi məruzələrlə çıxış etmişlər. Prof. M.H.Qocamanov 24 avqust - 01 sentyabr 2012-ci ildə Beynəlxalq Məsafədən Zondla Tədqiqat və Fotoqrammetriya Cəmiyyətinin (İSPRS) Avstraliyanın Melburn sahələrində keçirilən XXII konqresində, XXIII konqresində (Praqa ş., Çex Respublikası) iştirak etmiş və bu cəmiyyətin V komissiyasının (Təhsil) işçi qrupunun həmsədridir. O, İSPRS təşkilatın Azərbaycan nümayəndəliyinin sədridir.
Geodeziya və kartoqrafiya kafedrası respublikanın bir çox idarə və dövlət qurumları ilə, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyinin Əmlak Məsələləri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və başqa nazirlik və komitələrin müəssisələri ilə, eləcə də AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya institutu, Geologiya və Geofizika institutu və digərləri ilə əməkdaşlıq edir.
Geodeziya və kartoqrafiya kafedrası bu gün yeniləşmək və müasirləşmək əzmi ilə yaşayır. 410 saylı auditoriyada müasir cihazlarla təchiz edilmiş geodeziya və kartoqrafiya kabineti yaradılmışdır. XX əsrin sonuncu onilliyindən başlayaraq elektronika və radiotexnika, lazer sənayesi, komputer texnologiyası, astronavtika və kosmonavtika və digər sahələrdə əldə edilmiş uğur və nailiyyətlərin bazasında geodeziya və kartoqrafiya elminin inqilabi sıcrayışla inkişafı baş vermişdir. İnkişafın əsas istiqaməti ilk növbədə alətşunaslıq sahəsi ilə bağlıdır. Ona görə də innovasion geodeziya alətlərinin dəqiqliyinə uyğun gələn müvafiq ölçmə üsulları, metodikaları, təlimat və normativ sənədlərin hazırlanması bu günün tələblərindəndir. Geodeziya və kartoqrafiya kafedrasının elmi-pedaqoji əməkdaşları göstərilən məsələlərin həllinə öz töhfəsini vermək üçün Azərbaycanda geodeziya və kartoqrafiya elmi və istehsalatının müasir durumu, problemləri və inkişaf perspektivlərinin araşdırılması, bu məqsədlə müasir geodeziya-kartoqrafiya təminat sisteminin yaradılmasına xidmət edəcək elmi tədqiqatların aparılmasını öz qarşısında bir məqsəd kimi qoymuşdur.