Fakültə Haqqında

Əziz abituriyentlər!

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi Azərbaycan Respublikasında coğrafiya yönümlü  ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasında qabağcıl elmi- təhsil mərkəzlərindən biridir. Fakültədə altı kafedra fəaliyyət göstərir:

  • Fiziki coğrafiya
  • İqtisadi və sosial coğrafiya
  • Xarici ölkələrin iqtisadi- siyasi coğrafiyası və turizm kafedrası
  • Geodeziya və kartoqrafiya
  • Hidrometeorologiya
  • Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası.

Hal-hazırda fakültədə 1800-ə yaxın bakalavr, magistr və doktorant təhsil alır. Bakalavriatura pilləsində, əziz abituriyent, Coğrafiya, Coğrafiya müəllimliyi, Turizm işinin təşkili, Davamlı inkişafın idarə olunması, Geomatika və geodeziya mühəndisliyi və Hidrometeorologiya ixtisaslarından birini seçib yüksək səviyyəli peşəkar mütəxəssis ola bilərsiniz. Sonra magistratura pilləsində 19 ixtisaslaşmadan seçim edib təhsilinizi davam etdirə bilərsiniz. Geniş elmi tədqiqatlar aparmağa maraq göstərən tələbələr 10 ixtisas üzrə doktorantura pilləsində təhsil ala bilər.

Tələbələrin təhsil aldığı illərdə onları elmi, tədris və ictimai-siyasi proseslərə həvəsləndirmək,  cəlb etmək məqsədi ilə fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar təşkilatı,  müxtəlif elmi-mədəni diskusion klublar fəaliyyət göstərir, tələbələr üçün respublikanın rayonlarına mütəmadi ekskursiyalar təşkil olunur. Bu ekskursiyalardan fakültənin tələbələri əyani şəraitdə landşaftları,coğrafi zonaları, iqtisadi-coğrafi cəhətdən  inzibati rayonlarımızı, şəhərlərimizi, əhalinin sosial şəraiti öyrənir, topoqrafiki planalmalar həyata keçirirlər.

Coğrafiya fakültəsinin bakalavriatura səviyyəsində 6 ixtisas mövcuddur və onları aşağıdakı kimi səciyyələndirmək olar.

  • Coğrafiya ixtisasında təhsil alan tələbələr yaxşı biliklərə, yüksək dünyagörünüşünə yiyələnib gələcəkdə coğrafi profilli elmi-tədqiqat institutlarında, dövlət strukturunun bir çox sahələrində çalışa bilərlər.
  • Coğrafiya müəllimliyi ixtisasını seçən və bitirən tələbələr məktəblərdə, liseylərdə, kolleclərdə coğrafiya fənnini tədris edə biləcəklər.
  • Turizm işinin təşkili ixtisasını seçən abituriyentlər idarəetmə sahəsində analitik biliklər, otellərin idarəçiliyi sahəsində bacarıqlar əldə edirlər. Tələbələr iqtisadi, coğrafi biliklər əldə edərək turizm və qonaqpərvərlik sferasında uğurlu karyera qura bilərlər. Bu ixtisası bitirən tələbələr həm ölkədaxili, həm də beynəlxalq səviyyədə mehmanxana, otel və turizm sahəsində çalışa bilərlər.
  • Geomatika və geodeziya mühəndisliyi ölkə üçün vacib əhəmiyyət kəsb edən bir ixtisaslardandır. Elmi-texniki tərəqqinin son nailiyyətlərinə əsaslanaraq Geomatika və geodeziya bilikli mütəxəssislər məkan və məkanla əlaqəli məlumatları əldə etmək, yer səthində, dənizdə, fəzada obyektlərin koordinatlarının(yerinin) təyin edilməsi, Yerin fiziki səthinin xəritə və planlarının tərtib edilməsi, müxtəlif təyinatlı mühəndisi məsələlərin həllində geodezik təminatı həyata keçirir. Bu ixtisası seçən abituriyentlər gələcəkdə təsərrüfatın müxtəlif sahələrində yüksək tələbata malik mütəxəssis olaraq fəaliyyət göstərə biləcəklər.
  • Davamlı inkişafın idarə edilməsi ixtisasına yiyələnən mütəxəssislər iqtisadi, sosial və ekoloji yönümlü dövlət və özəl müəssisə və təşkilatlarda çalışa bilərlər. Təsərrüfatın ərazi təşkili və idarəedilməsi proqramlarının hazırlanması və realizə edilməsi, inzibati rayonlar və bələdiyyələrin davamlı inkişafının planlaşdırılması və perspektiv istiqamətlərinin müəyyən edilməsi, ərazidə inkişaf mərkəzlərinin seçilməsi kimi məsələlərin həlli ilə məşguldur.
  • Hidrometeorologiya ixtisasına yiyələn mütəxəssislər ölkə ərazisinin hidrometeoroloji vəziyyətinə nəzarət edən dövlət və özəl qurumlarında, o cümlədən, Ekologiya və Təbii Sərvətlər nazirliyi, Azərbaycan Su Resursları Agentliyi, Dövlət Neft Şirkəti, Xəzər Dəniz Gəmiçiliyi və digər təşkilatların müəssisələrində hidroloq, meteoroloq və okeanoloq kimi çalışırlar. İqlim dəyişmələrinin təsərrüfatın müxtəlif sahələrinə təsirinin öyrənilməsi, hava haqqında sinoptik proqnozların verilməsi, ölkə ərazisində çayların hidroloji vəziyyətinin qiymətləndirilməsi, Xəzərin hidrometeoroloji şəraitinin tədqiqi və sairə bu kimi məsələlər hidrometeorologiya ixtisaslı mütəxəssislər tərəfindən həll edilir.

 

 

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət