Sənəd qəbulu

Bakı Dövlət Universitetinə qəbul olan abituriyent və subbakalavrların nəzərinə!

 
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir. Tələbə adını qazanmış şəxslər 2021-ci il sentyabrın 7-dən 19.09.2021-ci il, saat 23.59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Bakalavriata qeydiyyat ilə bağlı ən çox verilən suallar və cavabları

Sual 1. Bakalavr səviyyəsinə necə qeydiyyatdan keçməliyəm?

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul olmuş şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.

Sual 2. Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyatdan keçməliyəm?

Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur. Amma müraciətinizi qəbul olduğunuz müəssisəyə göndərməmisinizsə, mütləq “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə, müraciətinizi qəbul olduğunuz təhsil müəssisəsinə göndərməlisiniz.

Sual 3. Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?

Şəxsi kabinetə giriş üçün istifadə etdiyiniz şifrəni unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsini sıxaraq açılan pəncərədə ilk öncə elektron poçt ünvanınızı daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənizin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodunu yazdıqdan sonra yeni şifrə təyin edilməlidir.

Sual 4. Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?

Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.

Sual 5. Bakalavriat pilləsinə müraciət etmək üçün hansı qəbul xəttini seçməliyəm?

Bildiyiniz kimi bakalavriat pilləsinə qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimini etməlisiniz.

Sual 6. Şəxsi məlumatlarımı necə daxil etməliyəm?

Şəxsi məlumatlarınız şəxsiyyət vəsiqənizin FİN-i vasitəsilə avtomatik əks olunur. Yəni, hər hansı  məlumatı daxil etməyinizə ehtiyac yoxdur.

FİN-i olmayan əcnəbilər müvafiq sənədi seçməklə təqdim olunan mövcud xanaları əl ilə doldurulmalıdırlar.

Sual 7. Şəxsi məlumatlarımdakı elektron poçt və ya mobil nömrə mənə aid deyil, nə etməliyəm?

Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və ya elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur. Bunu 146 xidməti vasitəsilə Təhsil Nazirliyinə bildirməyiniz xahiş olunur.

Sual 8. Sənədlərimi hansı formatda əlavə edim?

Eyni sənədin bir neçə səhifəsi varsa, onu skan edərkən, 1 PDF faylda birləşdirərək əlavə etməlisiniz.

Sual 9. Hansı sənədləri əlavə etməliyəm?

Attestatın surəti: Məcburi sənəddir. Bu sənəd mütləq yüklənməlidir.

İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün): Məcburi sənəddir. Bu sənəd mütləq yüklənməlidir.

Sağlamlıq haqqında arayışın surəti: Məcburi sənəddir. “Əlavə sənəd” xanasına əlavə edilməlidir.

“Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanası: Adından göründüyü kimi bu xanaya müəssisənin tələb etdiyi sənədlər yüklənə bilər. Xananın yanındakı + (Əlavə et) üyməsinə sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkanı yaranır.

Sual 10. Sənədlərin hansı xanalara əlavə edilməsi mütləqdir?

“Müraciət et” və ya “Yadda saxla” düymələrini sıxdığınız zaman qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.

Sual 11. Əlavə sənədlər əlavə etmək istəyirəm, amma xana sayı azdır, nə etməliyəm?

“Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanası: Adından göründüyü kimi bu xanaya müəssisənin tələb etdiyi sənədlər yüklənə bilər. Xananın yanındakı + (Əlavə et) düyməsini sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkan yaranır.

Sual 12. Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənə bilərəm?

Müraciətinizə münasibəti şəxsi kabinetinizdə “Ali və Orta İxtisas Təhsili Müəssisələrinə Təhsilalan Qeydiyyatı” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində Statusların tarixçəsi bölməsindən öyrənə bilərsiniz. Statuslar dərhal yenilənməyə bilər, çünki müraciət etdiyiniz təhsil müəssisənin müraciəti araşdırması və yoxlaması müəyyən vaxt tələb edir. Həmçinin, qeydiyyatını tamamlayaraq təsdiq etmiş bütün müraciətlərin izlənməsinə nəzarət Təhsil Nazirliyi tərəfindən də, həyata keçirilir.

Sual 13. Təhsil haqqından azad olunmaq üçün müraciət etmək istəyirəm. Bunu sistem vasitəsilə edə bilərəm?

Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa, şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza “Güzəştli qəbul” addımı çıxacaqdır. Burada “Bəli” seçimini etməklə, aid olduğunuz kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz.

23 yaşı tamam olmuş ödənişli tələbələr üçün “Valideyn himayəsindən məhrum olmuş uşaq və onlar arasından olan şəxslər” seçimi görünmür və onlar bu güzəştdən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq istifadə edə bilmirlər.

Sual 14. Təhsil haqqından azad olunmağım barədə məlumatı necə əldə edəcəm?

Bu barədə müraciət etdiyiniz müəssisə “Güzəştli qəbul edildi” statusu təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir. Müraciətinizə münasibəti şəxsi kabinetinizdə “Ali və Orta İxtisas Təhsili Müəssisələrinə Təhsilalan Qeydiyyatı” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində Statusların tarixçəsi bölməsindən öyrənə bilərsiniz. Statuslar dərhal yenilənməyə bilər, çünki müraciət etdiyiniz təhsil müəssisəsinin müraciəti araşdırması və yoxlaması müəyyən vaxt tələb edir. Həmçinin, qeydiyyatını tamamlayaraq, təsdiq etmiş bütün müraciətlərin izlənməsinə nəzarət Təhsil Nazirliyi tərəfindən də, həyata keçirilir.

Sual 15. Valideyn məlumatlarını daxil etmək üçün xanalar görünmədikdə, valideyn məlumatlarımı necə daxil etməliyəm?

Valideyn məlumatları yalnız aşağıdakı şəxslər üçün görünür:

1. Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş və Güzəştli qəbul addımında təhsil haqqı güzəştindən istifadə etmək istədiyini bildirən şəxslər;

2. Dövlət sifarişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş və Güzəştli qəbul addımında müəyyən olunmuş təqaüdün 2 mislindən az olmayan məbləğdə təqaüd istədiyini bildirən 23 yaşı tamam olmamış şəxslər.

Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş şəxs Güzəştli qəbul addımında təhsil haqqı güzəştindən istifadə etmək istədiyini bildirsə də, aşağıdakı sosial kateqoriyalar seçildikdə valideyn məlumatlarının daxil edilməsi üçün addım və xanalar görünmür.

1. I və II dərəcə əlilliyi olan şəxslər;

2. Sağlamlıq imkanları məhdud 18 yaşınadək olan şəxs;

3. Məcburi köçkün statusu olan şəxs.

Qeyd: Valideyni III qrup əlil olan şəxslərin uşaqları “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təhsil haqqı güzəştindən yararlana bilməzlər.

Sual 16. Valideynim vəfat etdiyinə və ya məlum olmadığına görə FİN-ni bilmədikdə, FİN daxil etməyə bilərəm?

Valideyni məlum olmayan, valideyni vəfat etmiş və ya itkin düşmüş şəxslər valideyn FİN-ni daxil etmədən növbəti addıma keçə bilərlər. Amma həmin şəxslərin valideynlərinin FİN-ni tapıb daxil etmələri onların təhsil haqqı güzəştindən istifadə edilməsi üçün çevik qərarın verilməsində böyük əhəmiyyətə malikdir.

Sual 17. Təhsil haqqımı hansı formada ödəməliyəm?

Təhsil haqqınızı portal.edu.az, gpp.az və ya bank vasitəsi ilə ödəyə bilərsiniz. Bunun üçün ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməli, “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsi ilə qəbul olduğunuz təhsil müəssisənizə müraciət etməlisiniz.

Müraciətiniz göndərildikdən sonra təhsil müəssisəsi tərəfindən sənədləriniz yoxlanılacaq və müvafiq olaraq onlara “Ödəniş edilməlidir” statusu təyin ediləcək. “Ödəniş edilməlidir” statusu təyin edildikdən sonra ödənişi qeyd olunan vasitələrlə ödəyə bilərsiniz.

Ödəniş etmək üçün detallı izahlar:

Addım 1: Tələbə şəxsi kabinetilə ödəniş edə bilər.

Addım 2: Tələbə “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş icra edilə bilər.

Addım 3: Tələbələrə “ödəniş edilməlidir” statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir, FİN və ya ATİS-də formalaşan  invoysu təqdim edərək ödəniş edir.

Addım 4: Xidmətindən istifadə etdiyi bankın mobil aplikasiyası vasitəsilə ödənişləri həmin aplikasiyanın müvfiq bölməsindən edə bilər.

Sual 18. Ödəniş qəbzi əlavə edirəm, amma status Ödəniş edilməlidir olaraq qalır. Müəssisə sənədlərimi qəbul edəcək?

Ödəniş qəbzi əlavə etdikdən sonra status dəyişmir. Siz çeki əlavə etdikdə, əlavə etdiyiniz ödəniş  qəbzi müəssisəyə yönləndirilir və müəssisə yoxladıqdan sonra sistem vasitəsilə statusu dəyişəcəkdir. Gözləməyiniz xahiş olunur.

Sual 19. Müraciət etmişəm ödəniş addımı görünmür. Nə etməliyəm?

Portalda ödəniş addımı yalnız müəssisə tərəfindən “ödəniş edilməlidir” statusu təyin edildikdən sonra görünür. Lakin daha tez ödəniş etmək istəyirsinizsə, gpp.az, xidmətindən istifadə etdiyiniz bankdakı şəxsi kabinetinizdən və ya banka yaxınlaşaraq ödəniş edə bilərsiniz.

Sual 20. Qeydiyyatdan keçmədən ödəniş edə bilərəm?

Qeydiyyatdan keçmədən ödəniş etməməyiniz xahiş olunur.

Sual 21. İki təhsil müəssisəsindən qəbul almışam, seçimi necə davam etdirməliyəm?

Qəbul xətti seçimi mərhələsinə gəldikdə, sistem tərəfindən sizə xəbərdarlıq ediləcək ki, siz iki təhsil müəssisəsinə qəbul olmusunuz, lakin yalnız bir təhsil müəssisəsi seçmək imkanınız var və seçim etdikdən sonra yenidən seçim imkanınız olmayacaq.

Yalnız ilk müraciət etdiyiniz müəssisə imtina statusu (Qəbul edilməsi və ya Vətəndaş imtina etdi) təyin etdikdən sonra digər qəbul olduğunuz müəssisəyə yeni müraciət göndərmək imkanınız yaranacaqdır.

Sual 22. İki təhsil müəssisəsindən birini seçib müraciəti göndərdikdən sonra fikrimi dəyişərəmsə nə edə bilərəm?

Yalnız ilk müraciət etdiyiniz müəssisə imtina statusu (Qəbul edilməsi və ya Vətəndaş imtina etdi) təyin etdikdən sonra digər qəbul olduğunuz müəssisəyə müraciət göndərmək imkanınız yaranacaqdır.

Sual 23. Qeydiyyat nə zaman bitir?

Qeydiyyat 19.09.2021-ci il tarixində saat 23.59-da bitəcəkdir.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət